MƏDƏNİYYƏT
“Daşkənd baharı-2017” festivalı çərçivəsində Firudin Səfərovun rejissoru olduğu opera nümayiş etdirilib
Daşkənd, 1 may, АZƏRTAC
“Daşkənd baharı-2017” IV Beynəlxalq Opera və Balet Festivalı çərçivəsində Azərbaycanın və Özbəkistanın Xalq Artisti, dövlət mükafatı laureatı Firudin Səfərovun rejissoru olduğu C.Verdinin “Trubadur” operası nümayiş edilib.
Festivalda Azərbaycanın, Rusiyanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edirlər.
Tamaşada Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycanın Əməkdar Artisti Afaq Abbasova Leonoranın partiyasını, Daşkənd teatrının aparıcı solist, soydaşımız Nemət Sinhəbibi isə Manrikonun partiyasını ifa edib.
Afaq Abbasova Amerika Birləşmiş Ştatları, İtaliya, Avstriya, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrdə keçirilən konsert və festivallarda çıxış edib.
Festival mayın 5-də başa çatacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd