REGİONLAR
DAŞKƏNDDƏ DÜNYA PAMBIQ VƏ TOXUCULUQ BAZARININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Özbəkistan hökuməti pambıq üzrə Beynəlxalq məsləhət komitəsi və Liverpul pambıq assosiasiyası ilə birgə “Pambıq və toxuculuq sənayesi: vəziyyət və perspektivlər” adlı beynəlxalq konfrans keçirmişdir.
Konfransda dünya pambıq və toxuculuq sənayesini, nəqliyyat şirkətlərini, aparıcı bankları təmsil edən 200-ə yaxın xarici qonaq - dünya pambıq biznesinin tanınmış nümayəndələri iştirak etmişlər.
Azərbaycandan bu konfransa müstəqil MTK şirkətinin prezidenti Nurəddin Paksu və şirkətin vitse prezidenti İkram Kərimli dəvət edilmişdir.
Konfransda dünya pambıq və toxuculuq bazarının indiki vəziyyəti və perspektivləri müzakirə edilmiş, pambıqçılıq sənayesinin ixrac potensialı və investisiya qoymaq imkanları öyrənilmişdir.
Konfransın üçüncü sessiyasında pambıq lifinin standartlaşdırılması və sertifikatlaşdırılmasının müasir sistemi, Orta Asiya və Azərbaycanda toxuculuq sənayesinin perspektivləri geniş müzakirə olunmuşdur.
Nurəddin Paksu Azərbaycanda pambıqcılığın indiki vəziyyəti ilə bağlı məruzəsində mövcud problemlərdən danışmış, fermerlərlə birgə işlərindən söhbət açmışdır. O demişdir:
- İndi bizim beş pambıq zavodumuz var, doqquz zavodla isə müqavilə ilə işləyirik. Bu zavodlarda biz texnoloji avadanlığın yeniləşdirilməsi ilə məşğul olmuşuq və bu iş davam etdirilir. Biz artıq bir neçə ildir ki, Azərbaycan fermerlərinə ildə 20 milyard manat məbləğində maliyyə yardımı edirik. Birgə işimiz gələcəkdə də davam etdiriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd