REGİONLAR
Daşkəsəndə tədbir: Möhtəşəm qələbəmiz tariximizin Zəfər salnaməsidir
Daşkəsən, 1 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Noyabrın 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon bölməsi Daşkəsən Rayon İcra hakimiyyəti ilə birgə 8 Noyabr - Zəfər Günü ərəfəsində “Möhtəşəm qələbəmiz tariximizin Zəfər salnaməsidir” adlı tədbir keçirib.
Tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi və rayon Şəhidlər xiyabanı ziyarət olunub.
Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
SHXÇDX-nin rayon bölməsinin rəisi, mayor Mirqasım Abbasov bildirib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Vətən müharibəsinin iştirakçısı, baş leytenant Ceyhun Əliyev döyüş əməliyyatlarından xatirələrini danışıb, Azərbaycan əsgərinin hər an Vətənin keşiyində durmağa hazır olduğunu söyləyib.
Digər çıxış edənlər də Şanlı Qələbəmizin tarixi əhəmiyyətindən, Azərbaycan əsgərinin Vətən müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərdən söz açıblar.
Sonda Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.