ELM VƏ TƏHSİL
DİA-NIN KOMANDASI SİFE-NİN MİLLİ ÇEMPİONATINA TƏQDİM OLUNMUŞ “QIZIL ƏLLƏR” SƏNƏT YARMARKASI LAYİHƏSİNİ NÜMAYİŞ ETDİRMİŞDİR
Azərbaycanda “Tələbələr Azad Sahibkarlıqda” (Students in Free Enterprise-SİFE) hərəkatı genişlənir. Ölkəmizdə SİFE hərəkatını inkişaf etdirən AZSİFE təşkilatı hər il milli çempionat keçirir və ən güclü SİFE komandasını müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) da 2007-ci ildən AZSİFE-nin üzvüdür. Akademiyanın komandası bu il də həmin qurumun milli çempionatına hazırlaşır.
AZƏRTAC xəbər verir ki, DİA-nın komandası tərəfindən milli çempionata təqdim olunan “Qızıl əllər” sənət yarmarkası layihəsi aprelin 19-da Gəncliyə Yardım Fondunda nümayiş etdirilmişdir. Yarmarkaya 150-dən çox müxtəlif əl işləri çıxarılmışdır.
Ötən əsrin 70-ci illərində ABŞ-da meydana gəlmiş SİFE hərəkatı dünyanın 50-dək ölkəsini əhatə etmişdir. SİFE tələbələrə azad sahibkarlığın nəzəri və əməli cəhətlərini öyrətməklə onların bu sahədə bilik və bacarıqlarını artırmağa xidmət edir.