SİYASƏT
Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı: Azərbaycan həqiqətlərini xarici ölkələrdə tanıtmağa çalışmalıyıq
Şuşa, 2 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Fəxr edirəm ki, qarabağlı kimi Şuşaya gəlib əzəli torpaqlarımızı görə bilirəm. Biz gənclər həmişə çalışmalıyıq ki, Azərbaycan həqiqətlərini xarici ölkələrdə tanıdaq.
Bunu Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsinə Rusiyadan qatılan Xədicə Məmmədova AZƏRTAC-a açıqlamasında söyləyib.
Yay Düşərgəsinin proqramının zəngin olduğunu bildirən soydaşımız deyib: “Yay Düşərgəsində iştirak etmək, burada baş vermiş proseslərin şahidi olmaq mənə doğma torpağımı yaşadığım Rusiyada daha yaxşı tanıtmaq imkanı verir. Çalışacağam ki, düşərgə boyunca keçiriləcək Azərbaycan dili təlimlərində, intellektual oyunlarda fəal iştirak edim. Gəzdiyim, gördüyüm yerləri, tarixi abidələri yaşadığım ölkəyə qayıtdıqdan sonra daha geniş təbliğ edəcək, Azərbaycan həqiqətlərini dərindən tanıdacağam”, - deyə X.Məmmədova qeyd edib.