İDMAN
Dieqo Maradona İspaniya millisinin baş məşqçisi ola bilər
Bakı, 1 iyul, AZƏRTAC
Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradona İspaniya yığmasının baş məşqçisi ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat verib. Qeyd edilib ki, Antonio Torresin İspaniya Kral Futbol Federasiyasının prezidenti olacağı təqdirdə Maradona baş məşqçi postuna gətiriləcək. Məlumatda o da vurğulanıb ki, 59 yaşlı argentinalı mütəxəssislə artıq ilkin danışıqlar aparılıb. Maradonanın baş məşqçi kimi qarşısına Qətərdəki dünya çempionatının finalına yüksəlmək vəzifəsi qoyulacaq.
Maradona 1986-cı ildə dünya çempionu olub və XX əsrin ən yaxşı futbolçularından biridir. O, Argentinanın “Arxentinos Xuniors”, “Boka Xuniors” və “Nyuells Old Boyz”, İspaniyanın “Barselona” və “Sevilya”, həmçinin İtaliyanın “Napoli” komandalarının heyətində çıxış edib. Argentinalı hücumçu İtaliya çempionatının və İtaliya Kubokunun, İspaniya Kubokunun və UEFA Kubokunun qalibi olub. Hücumçu 687 matçda 363, o cümlədən Argentina yığmasının heyətində keçirdiyi 113 oyunda 50 qol vurub.
Maradona 2005-ci ilin iyunundan 2006-cı ilin avqustunadək Argentinanın “Boka Xuniors” klubunun futbol komissiyasının vitse-prezidenti, 2008-2010-cu illərdə Argentina yığmasının məşqçisi olub. 2010-cu ildə Argentina yığmasını dünya çempionatının dörddəbir finalına çatdırıb.