İDMAN
DİNARA GİMATOVA AZƏRBAYCAN ÇEMPİONUDUR
Martın 30-da final çıxışlarında 8 gimnast – ustalığa namizədlər Anastasiya Prosolova, Alina Trepina, Valeriya Yeqay, Vəfa Hüseynova, ustalar Dinara Gimatova, Nurcahan Əsgərova, Anna Qurbanova, Dina Qorina iştirak etmişlər.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva yarışı izləmişdir.
İdmançılar dörd növdə - həlqə, toppuzlar, top və lentlə təmrinlərin yerinə yetirilməsində öz ustalıqlarını nümayiş etdirmişlər.
Çıxışların yekunlarına əsasən, Dinara Gimatova hərəkətlərin bütün növlərində qalib gəlmişdir. Çoxnövçülükdə Dinara Gimatova 1-ci, Anna Qurbanova 2-ci, Vəfa Hüseynova 3-cü olmuşlar.
Üçqat ölkə çempionu Nurcahan Əsgərova həmin gün idman karyerasını başa çatdırmışdır. N.Əsgərova məşqçilərinə və onu idman bölməsinə gətirən atasına təşəkkürünü bildirmiş, göstərilən qayğı və diqqətə görə Federasiyanın prezidenti Mehriban Əliyevaya minnətdarlıq etmişdir.
Ustalığa namizədlər arasında Zeynəb Cavadlı fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Zülfiyyə Əliyeva və Leyla Şamilova müvafiq surətdə ikinci və üçüncü yerləri tutmuşlar.