SİYASƏT
Dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsabiqə başa çatmışdır
Bakı, 18 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın oktyabrın 4-də və 25-də, noyabrın 5-də və 20-də 99 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 1065 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatmışdır. Bu barədə Komissiyanın mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilmişdir.
Müsabiqədə iştirak etmək üçün Komissiyada 2325-i qadın olmaqla 6406 namizəd qeydə alınmışdır. Qeydə alınmış 6406 namizədin orta hesabla 81,78 faizini gənclər təşkil etmişdir.
Müsabiqənin test imtahanı mərhələsi 2013-cü il dekabrın 3-də, 2014-cü il yanvarın 15-də keçirilmişdir. Namizədlərdən 2156 nəfəri (bütün namizədlərin 33,66 faizi) test imtahanında iştirak etməmişdir. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 1374 nəfəri (bütün namizədlərin 21,45 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test imtahanı mərhələsini uğurla başa vurmuşdur.
Test imtahanı mərhələsini uğurla başa vuran namizədlərdən 373 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır. 746 nəfər 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır. 255 nəfər 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır.
Müsabiqənin müsahibə mərhələsi 2013-cü il dekabrın 23-də, 2014-cü il aprelin 18-də keçirilmişdir. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 1183 namizəddən 120 nəfəri bu mərhələdə iştirak etməmişdir. Müsahibədə iştirak etmiş namizədlərdən 396 nəfəri uğur qazanmış, 667-si isə vəzifəyə uyğun hesab edilməmişdir. Müsahibədən uğurla keçənlərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilmişdir. Onlardan 154 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.
Müsahibə mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları aşağıdakılardır: Əmlak Məsələləri Dövlət Komitəsi - 54 nəfər müsahibə mərhələsindən uğurla keçmişdir; Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi - 32 nəfər müsahibə mərhələsindən uğurla keçmişdir; İqtisadiyyat və Sənaye Nazirliyi - 21 nəfər müsahibə mərhələsindən uğurla keçmişdir; Gənclər və İdman Nazirliyi - 20 nəfər müsahibə mərhələsindən uğurla keçmişdir.