Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi QAYDALARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2024-cü il 5 fevral tarixli 70 nömrəli
Qərarı ilə təsdiq edilmişdir.

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar dövlət qulluqçusu olmayan yoxlayıcıların (bundan sonra – yoxlayıcı) fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.3. Bu Qaydalar Qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçularına bərabər tutulan əməkdaşları istisna olmaqla, publik hüquqi şəxslərin, habelə dövlət orqanı olmayan digər qurumların yoxlayıcılarının fəaliyyətinə şamil edilir.

1.4. Bu Qaydalar Qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanlarının yoxlayıcılarının fəaliyyətinə şamil edilmir.

2. Yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsinin əsasları

2.1. Yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi təqvim ili üzrə növbəti təqvim ilinin 1-ci rübü ərzində həyata keçirilir. Müvafiq yoxlayıcı orqanda fəaliyyət müddəti bir ildən çox olan yoxlayıcıların fəaliyyəti qiymətləndirilir.

2.2. Yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi onların bilava-sitə rəhbəri və ya daxili nəzarət qurumu tərəfindən həyata keçirilir. Qiymətləndirmə üçün yoxlayıcının Qanunun 4-2-ci maddəsində qeyd edilən vəzifələrinin icra vəziyyəti təhlil olunur.

2.3. Yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi təqvim ili ərzində yerinə yetirməli olduğu tapşırıqlar (hədəflər) və bu Qaydaların 2.5-ci və 2.6-cı bəndlərində qeyd olunan meyarlar, habelə əmək intizamı nəzərə alınmaqla tərtib edilir. Tapşırıqların (hədəflərin) və meyarların mühümlülük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən edilir.

2.4. Tapşırıqlar (hədəflər) yoxlayıcının il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) yoxlayıcının fəaliyyət göstərdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və əmək funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçülə və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra olunmasından gözlənilən nəticə müəyyən edilməlidir.

2.5. Yoxlayıcının il ərzində fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

2.5.1. peşə bilikləri;

2.5.2. əmək vəzifələrinə münasibəti;

2.5.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;

2.5.4. yaradıcılıq və təşəbbüskarlıq;

2.5.5. iş təcrübəsi və onu bölüşmə;

2.5.6. kollektivdə işləmək və ünsiyyət bacarığı.

2.6. Rəhbər vəzifə tutan yoxlayıcının fəaliyyəti bu Qaydaların 2.5-ci bəndində qeyd edilənlərə əlavə olaraq aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

2.6.1. proqnozlaşdırma;

2.6.2. idarəetmə;

2.6.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;

2.6.4. komanda qurmaq bacarığı.

2.7. Yoxlayıcının fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir:

2.7.1. əla;

2.7.2. yaxşı;

2.7.3. kafi;

2.7.4. qeyri-kafi.

2.8. Yoxlayıcının fəaliyyətinə verilən yekun qiymətin 70 faizi yoxlayıcının apardığı yoxlamaların səviyyəsinin qiymətləndirilməsinə, 20 faizi bu Qaydaların 2.5-ci və 2.6-cı bəndlərində qeyd edilən meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirilməyə əsaslanır.

3. Yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi

3.1. Yoxlayıcının apardığı yoxlamaların səviyyəsinin qiymətlən-dirilməsi üçün aşağıdakı düstura uyğun olaraq ümumi qiymət müəyyən edilir:

YS = (Y - Yl) * 100%/Yü

YS – yoxlamaların səviyyəsi;

Y – yoxlayıcı tərəfindən hesabat dövrü ərzində aparılmış yoxlamaların sayı;

Yl – hesabat dövrü ərzində məhkəmə və ya inzibati qaydada ləğv edilmiş yoxlayıcı tərəfindən aparılmış yoxlamaların sayı;

Yü – yoxlayıcı orqan tərəfindən hesabat dövrü ərzində aparılmış yoxlamaların sayı.

3.2. Yoxlamaların səviyyəsi qiymətləndirilir və aşağıdakı qiymətlərdən biri verilir:

3.2.1. əla (5) – yoxlama səviyyəsi 15%-dən yuxarı olduqda;

3.2.2. yaxşı (4) – yoxlama səviyyəsi 10-15% olduqda;

3.2.3. kafi (3) – yoxlama səviyyəsi 5-10% olduqda;

3.2.4. qeyri-kafi (2) – yoxlama səviyyəsi 5%-dən az olduqda.

3.3. Yoxlayıcının fəaliyyətinin qiymətləndirilməsi zamanı bu Qaydaların 2.5-ci və 2.6-cı bəndlərində qeyd olunan meyarlar aşağıdakıları ehtiva edir:

3.3.1. peşə bilikləri – yoxlayıcının tutduğu vəzifə üzrə nəzəri və praktiki biliklərə malik olmasının və həmin biliklərin əmək funksiyalarının icrası zamanı düzgün tətbiqinin, habelə vəzifəsinin tələblərinə uyğun olan səviyyədə inzibati icraat və kargüzarlıq sahəsində normativ hüquqi aktlara dair biliklərinin qiymətləndirilməsi nəzərdə tutulur;

3.3.2. əmək vəzifələrinə münasibəti – yoxlayıcının öz vəzifə-lərini, o cümlədən verilən tapşırıqları minimum nəzarətlə sərbəst, tələb edilən səviyyədə və vaxtında yerinə yetirmək, sənədləri keyfiyyətlə tərtib etmək, fəal olmaq, tələb olunandan da artıq nailiyyətlər əldə etmək üçün çalışmaq bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur;

3.3.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı – sənəd və faktları diqqətlə təhlil etmək, problemləri müəyyən etmək və anlamaq, düzgün nəticəyə gəlmək üçün müxtəlif mənbələrdən olan məlumatları müqayisə etmək və problemlərin həlli yollarını müəyyənləşdirmək, qanunauyğun və məntiqli qərarlar qəbul etmək bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur;

3.3.4. yaradıcılıq və təşəbbüskarlıq – fəaliyyət göstərdiyi sahənin inkişafı ilə bağlı yaradıcı və səmərəli təkliflər irəli sürmək, işdəki problemlər və faktlarla bağlı müxtəlif və qeyri-standart həlletmə variantlarını sınaqdan keçirmək bacarıqlarının, təşəbbüs göstərməkdə sərbəstliliyinin qiymətləndirilməsi nəzərdə tutulur;

3.3.5. iş təcrübəsi və onu bölüşmə – fəaliyyət göstərdiyi sahədə malik olduğu iş təcrübəsini kollektiv üzvləri ilə bölüşmək və yeni təcrübəyə yiyələnmək bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur;

3.3.6. kollektivdə işləmək və ünsiyyət qurmaq bacarığı – komanda tərkibində və iş yoldaşları ilə sıx əlaqədə işləmək, rəhbərlərlə və iş yoldaşları ilə ünsiyyət, xoş və işgüzar münasibətlər qurmaq, iş yoldaşlarına dəstək olmaq və lazım gəldikdə onlardan dəstək ala bilmək, qrupun aktiv üzvü olaraq qrup hədəflərinə nail olmağa çalışmaq, iş üzrə hədəflərə nail olmaq üçün digər struktur bölmə və qurumların əməkdaşları ilə işgüzar əlaqələr qurmaq bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur;

3.3.7. proqnozlaşdırma – rəhbərlik etdiyi struktur bölmənin və yaxud sahənin fəaliyyət istiqamətinə uyğun olaraq hazırlanan layihələrə dair təkliflər vermək bacarıqlarının və yoxlayıcı orqanının gələcək planları ilə əlaqədar verdiyi təkliflər üzrə əldə edilən nəticələrin qiymətləndirilməsi nəzərdə tutulur;

3.3.8. idarəetmə – tabeliyindəki yoxlayıcılara rəhbərlik etmək, onlara mənəvi dəstək olmaq, bilik və bacarıqlarının inkişafını dəstəkləmək, onlar arasında düzgün iş bölgüsü aparmaq, hədəflərə çatmaq üçün yardım etmək məqsədilə vaxtında rəy bildirmək, onları istiqamətləndirmək, kadr potensialından düzgün istifadə etməklə daim işin səmərəli təşkilinə nail olmaq, təşkilatçılıq, tabeliyindəki yoxlayıcıları vəzifələri üzrə təlimatlandırmaq, həvəsləndirmək və yaxud həvəsləndirmə tədbirlərinin görülməsi üçün təkliflər vermək;

3.3.9. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı – rəhbər nüfuzunu saxlamaq, tabeliyindəki yoxlayıcıları ruhlandırmaq, onlarla xoş, qarşılıqlı işgüzar münasibətlər qurmaq, problemlərin həllində onlara dəstək olmaq, onları vaxtında və düzgün istiqamətləndirmək və onların təşəbbüskarlığını dəstəkləmək bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur;

3.3.10. komanda qurmaq bacarığı – verilmiş tapşırıqların və yaranan problemlərin müvəffəqiyyətlə həllinə nail olmaq üçün tabeliyindəki yoxlayıcıları səfərbər etmək və kollektiv üzvləri arasında qarşılıqlı etimada və hörmətə əsaslanan münasibətlər yarada bilmək bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur.

3.4. Yoxlayıcının fəaliyyəti hər bir meyar üzrə qiymətləndirilir və yoxlayıcıya aşağıdakı qiymətlərdən biri verilir:

3.4.1. əla (5) – bacarığı tələb ediləndən yüksək səviyyədə nümayiş etdirib, vəzifəsini gözlənildiyindən yüksək səviyyədə icra edib;

3.4.2. yaxşı (4) – bacarığı tələb edilən səviyyədə nümayiş etdirib, vəzifəsini gözlənilən səviyyədə icra edib;

3.4.3. kafi (3) – qənaətbəxşdir, bacarığı əsasən nümayiş etdirib, vəzifəsini əsasən icra edib və inkişafa ehtiyacı vardır;

3.4.4. qeyri-kafi (2) – qənaətbəxş deyildir, bacarığı nadir hallarda nümayiş etdirib və ya nümayiş etdirməyib, vəzifəsini qismən icra edib və yaxud icra etməyib.

3.5. Bu Qaydaların 3.3-cü bəndinə uyğun olaraq meyar üzrə verilmiş qiymət meyarın mühümlülük dərəcəsinə vurularaq hər bir meyar üzrə fərdi qiymət müəyyən edilir. Meyarlar üzrə fərdi qiymətlər toplanılır və meyarlar üzrə aşağıdakı düstura uyğun olaraq ümumi qiymət müəyyən edilir:

M = m1 x MDm1 + m2 x MDm2 +..........+mn x MDmn

M – meyarlar üzrə ümumi qiymət;

m1 – birinci meyar üzrə verilən qiymət;

MDm1 – birinci meyarın mühümlülük dərəcəsi (faizlə);

m2 – ikinci meyar üzrə verilən qiymət;

MDm2 – ikinci meyarın mühümlülük dərəcəsi (faizlə);

mn – n nömrəli meyar üzrə verilən qiymət;

MDmn – n nömrəli meyarın mühümlülük dərəcəsi (faizlə).

3.6. Qiymətləndirilmə dövründə yoxlayıcının əmək intizamına əməl etmə vəziyyəti təhlil edilir və aşağıdakı qiymətlərdən biri verilir:

3.6.1. əla (5) – daxili nizam-intizam və etik davranış qaydalarına ciddi riayət edir və bu sahədə nümunəvi əməkdaşdır;

3.6.2. yaxşı (4) – daxili nizam-intizam qaydalarına və etik davranış qaydalarına ciddi riayət edir;

3.6.3. kafi (3) – daxili nizam-intizam və etik davranış qaydalarına əsasən riayət edir və iş qrafikini bəzi hallarda pozur;

3.6.4. qeyri-kafi (2) – daxili nizam-intizam və etik davranış qaydalarını, iş qrafikini tez-tez pozur və bu barədə ona edilən xəbərdarlıqdan nəticə çıxarmır.

3.7. Yoxlayıcının fəaliyyəti üzrə yekun qiymət aşağıdakı düstura uyğun olaraq müəyyən edilir:

YQ = YS x 70% + M x 20% + Əİ x 10%

YQ – yoxlayıcının fəaliyyəti üzrə yekun qiymət;

YS – yoxlamaların səviyyəsi üzrə ümumi qiymət;

M – meyarlar üzrə ümumi qiymət;

Əİ – əmək intizamı üzrə qiymət.

4. Qiymətləndirilmə prosesinin rəsmiləşdirilməsi

4.1. Yoxlayıcının fəaliyyətinin qiymətləndirilməsinin nəticələri fəaliyyətin qiymətləndirilməsi barədə aktla rəsmiləşdirilir. Yoxlayıcının fəaliyyəti bütün göstəricilər yoxlamaların səviyyəsi, meyarlar, eləcə də əmək intizamı üzrə qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır.

4.2. Yoxlayıcı fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə razılaşmadıqda fəaliyyətin qiymətləndirilməsi barədə sənədə onun rəyi əlavə edilir. Yoxlayıcının fəaliyyətinin qiymətləndirilməsi barədə akt onun şəxsi işində saxlanılır.

4.3. Yoxlayıcının fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçirilir. Müsahibə zamanı yoxlayıcının fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunur.

4.4. Yoxlayıcının fəaliyyətinin qiymətləndirilməsinin nəticələri bu Qaydaların 4.1-ci bəndinə uyğun olaraq rəsmiləşdirildikdən sonra qüvvəyə minir.

4.5. Bu Qaydalara uyğun olaraq aparılmış qiymətləndirilmə növbəti qiymətləndirilmə aparılanadək qüvvədədir.

5. Qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər

5.1. Yoxlayıcı orqanın rəhbəri tərəfindən yoxlayıcının fəaliyyə-tinin qiymətləndirilməsinin nəticəsi əsasında onun barəsində aşağıdakı tədbirlərdən biri görülə bilər:

5.1.1. yoxlayıcının yuxarı vəzifəyə keçirilməsi - yoxlayıcının fəaliyyəti üzrə yekun qiymət 4,5 – 5 arasında olduqda;

5.1.2. yoxlayıcının mükafatlandırılması - yoxlayıcının fəaliyyəti üzrə yekun qiymət 4,0 – 4,5 arasında olduqda;

5.1.3. yoxlayıcının fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi - yoxlayıcının fəaliyyəti üzrə yekun qiymət 3,5 – 4,0 ara-sında olduqda;

5.1.4. yoxlayıcının aşağı vəzifəyə keçirilməsi - yoxlayıcının fəaliyyəti üzrə yekun qiymət 3,5-dən aşağı olduqda.

6. Yekun müddəalar

6.1. Yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsinin yekun nəticəsi barədə hesabat hazırlanaraq yoxlayıcı orqanın rəhbəri tərəfindən təsdiq edilir.

6.2. Yoxlayıcı fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malikdir.

6.3. İnzibati qaydada verilmiş şikayətə yoxlayıcı orqanın rəhbəri tərəfindən yaradılmış komissiyada baxılır. Komissiyanın reqlamenti və say tərkibi yoxlayıcı orqanın rəhbəri tərəfindən təsdiq edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin