İQTİSADİYYAT
Dövlət Statistika Komitəsi 2013-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlamışdır
Bakı, 24 fevral (AZƏRTAC, Xalid Məmmədov). Fevralın 24-də Dövlət Statistika Komitəsində (DSK) 2013-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında DSK-nın məlumatların yayılması şöbəsinin müdiri Meri Əmirova 2013-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlamışdır. Bildirilmişdir ki, 2013-cü ildə ümumi daxili məhsul (ÜDM) istehsalı 2012-ci illə müqayisədə 5,8 faiz artaraq 57,7 milyard manata çatmışdır. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 6207,3 manat (7912,5 dollar) təşkil etmiş və 4,4 faiz artmışdır. Bu dövrdə cari qiymətlərlə 84,8 milyard manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Məhsul istehsalına sərf olunmuş mal və xidmətlərin dəyəri 27,1 milyard manat təşkil etmişdir.
2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10 faiz artımı müşahidə olunmuş, bu sektorun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlmişdir. Ümumi daxili məhsulun 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüşdür. Sənaye məhsulu istehsalı 2012-ci illə müqayisədə 1,8 faiz artaraq 33,7 milyard manata çatmışdır. Sənayenin neft sektorunda 1,1 faiz, qeyri-neft sektorunda isə 4,8 faiz artım qeydə alınmışdır.
Məlumat verilmişdir ki, ötən il bitkiçilik məhsulları istehsalı 4,2 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4,9 faiz artmışdır. İqtisadi və sosial sahələr üzrə bütün maliyyə mənbələrindən əsas kapitala 17,9 milyard manat məbləğində vəsait yönəldilmiş, 11,9 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. 2012-ci illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 15,1 faiz, o cümlədən tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 25 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına investisiyanın 48,3 faizi, yaxud 8,6 milyard manat sərf olunmuşdur. Vəsaitin 76,7 faizini və ya 13,7 milyard manatını daxili investisiyalar təşkil etmişdir. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 218 milyon ton yük və 1,7 milyard nəfər sərnişin daşınmış, 2012-ci ilə nisbətən yük daşınması 3,4 faiz, sərnişin daşınması isə 8 faiz artmışdır. Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 1528,1 milyon manatlıq rabitə xidməti göstərmişlər ki, bu da 2012-ci illə müqayisədə 10,7 faiz çoxdur.
2013-cü ildə əhaliyə istehlak malları satışı 9,9 faiz artaraq 19,7 milyard manatlıq, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manata çatmışdır.
Mətbuat konfransında, həmçinin bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2013-cü ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 34,7 milyard dollar məbləğində ticarət əməliyyatları aparmışlar. Əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 milyard manat, hər nəfərə düşən məbləği isə 6,6 faiz artaraq 4039,6 manat olmuşdur.
2014-cü ilin əvvəlinədək ölkə əhalisinin sayı 9477,1 min nəfər təşkil etmiş, son bir ildə 120,6 min nəfər və yaxud 1,3 faiz artmışdır.