İQTİSADİYYAT
Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi Qrupunun iclası keçiriləcək
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 30-da saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi Qrupunun videokonfrans formatında iclası keçiriləcək.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2022-ci il sentyabrın 30-da təsdiq edilmiş Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş bir sıra tədbirlər, o cümlədən kommersiya qurumlarının dövlət qeydiyyatı zamanı eyniləşdirmə tədbirlərinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübələrin araşdırılması, beynəlxalq sənədlərdə nəzərdə tutulan tövsiyələrin milli qanunvericilik və inzibatçılıqla müqayisəsi, həmin sahədə ölkədə mövcud olmayan təcrübələrin tətbiqi ilə bağlı təkliflərin hazırlanması məsələləri, eləcə də qarşıda duran vəzifələr müzakirə ediləcək.
Həmçinin Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə hazırlanmış Azərbaycan Respublikasının qanun layihələri və Azərbaycan Respublikası Prezidentinin fərman layihələri barədə məlumat veriləcək.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə İşçi Qrupunun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər verə bilərlər.