İQTİSADİYYAT
Dövlət Xidməti: Hərraca çıxarılan əmlaklara 35 sifariş qəbul edilib
Bakı, 31 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 8 nəqliyyat vasitəsi satılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 31-də keçirilən hərraca çıxarılan əmlaklara 35 sifariş qəbul edilib. Hərrac rəqabətli keçib. Hərracda “Hyundai Accent” markalı avtomobilin start qiyməti 4500 manat olsa da, son təklif 6545 manata yüksəlib. Start qiyməti 1600 manat olan “VAZ-21310” markalı nəqliyyat vasitəsi 2500 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36Hr4B linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.