CƏMİYYƏT
DST AZƏRBAYCANDA MALYARİYA İLƏ BAĞLI VƏZİYYƏTİ ÖYRƏNİR
Dünya Səhiyyə Təşkilatının eksperti Mixail Yejov iyulun 17-18-də Azərbaycanda səfərdə olacaqdır. DST-nin Bakı ofisində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səfərdən əsas məqsəd ölkədə malyariya ilə bağlı epidemioloji vəziyyəti öyrənmək, bu xəstəliklə mübarizə üçün DST tərəfindən Azərbaycana göstəriləcək yardımın konkret istiqamətlərini müəyyən etməkdən ötrü Səhiyyə Nazirliyinin rəhbərliyi ilə danışıqlar aparmaqdır. Nazirliyin mütəxəssislərinin fikrincə, ölkədə malyariyanın yayılması üçün real təhlükə yoxdur, hərçənd daşqınlara məruz qalmış rayonlarda malyariya ağcaqanadının çoxalması üçün əlverişli yer olan bataqlıqların qurudulması üzrə kompleks tədbirlər həyata keçirmək lazımdır. Respublika Gigiyena və Epidemiologiya mərkəzinin məlumatına görə, cari ilin altı ayı ərzində ölkədə 138 adamın malyariya xəstəliyinə tutulduğu qeydə alınmışdır, bu isə 2002-ci ilin müvafiq dövründəkindən 106 hal azdır.