SİYASƏT
DUBAYDA 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 30 mart (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti 31 Mart Azərbaycanlıların soyqırımının 92-ci ildönumu ilə bağlı tədbir keçirmişdir.
Cəmiyyətin sədri Samir İmanov bildirmişdir ki, bu ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin də qatıldığı tədbirdə erməni terrorçularının Azərbaycan, türk və digər xalqlara qarşı törətdikləri soyqırımı hadisələrini özündə əks etdirən sənədli film göstərilmişdir.
Çıxışında ermənilərin ötən 200 ildə 1 milyondan artıq azərbaycanlını vəhşicəsinə qətlə yetirməsi barədə faktları diqqətə çatdıran cəmiyyətin sədri qeyd etmişdir ki, Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla hər il martın 31-də Azərbaycanlıların soyqırımı günü qeyd edilir. Cəmiyət rəhbəri bu faktı vurğulamışdır ki, ermənilər qəsb etdikləri Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması barədə BMT-nin qətnamələrinə məhəl qoymayaraq hələ də ərazimizin 20 faizini işğal altında saxlayırlar.
Tədbirdə iştirak edən yerli hakimiyyət təmsilçiləri və qonaqlar baş verən hadisələri bəşəriyyətə və insanlığa qarsı vəhşilik adlandırmışlar. Tədbirdə erməni terrorunu əks etdirən fotosərgi də nümayiş olunmuş, Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi müxtəlif dillərdə kitablar, disklər və broşürlər paylanmışdır.
Martın 30-da isə “Azərbaycan” Cəmiyyəti adından Dubay Şeyxinin aparatına, Birləşmiş Ərəb Əmirlikləri parlamentinin sədrinə və İnsan Hüquqları Təşkilatına 31 Mart soyqırımı ilə bağlı müraciət göndərilmişdir.
######