DÜNYA
Dünyanın ən böyük saray-muzey kompleksi - Topqapı
İstanbul, 28 sentyabr, AZƏRTAC
Türkiyənin dünyada məşhur tarixi yerlərindən biri də Topqapı Sarayıdır. Bu möhtəşəm tikilinin təməli Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəthindən sonra 1460-cı ildə qoyulub. İnşası 18 il davam edən Sarayın tikintisi 1478-ci ildə tamamlanıb. AZƏRTAC-ın müxbirinin Topqapıdan hazırladığı fotoreportajı təqdim edirik.
İstanbulun ən görkəmli yerlərindən biri olan Sarayburnunda yerləşən Topqapı sarayı 700 min kvadratmetrlik ərazini əhatə edir. Onun tikintisində Avropa mədəniyyətini özündə əks etdirən Barok və Osmanlı memarlıq nümunələrindən istifadə olunub.
Bu möhtəşəm sarayın 624 illik Osmanlı tarixində xüsusi yeri var. Topqapı Fatih Sultan Mehmetin hakimiyyəti illərindən başlayaraq Sultan Abdülmecidə qədər 400 il Osmanlı imperiyasının idarə, tədris və sənət mərkəzi olub. Türkiyə Respublikası elan olunduqdan sonra Mustafa Kamal Atatürkün əmri ilə 1924-cü il aprelin 3-dən etibarən muzey kimi fəaliyyətə başlayan bu tarixi məkan “Cümhuriyyətin ilk muzeyi” adını qazanıb. Topqapı, eyni zamanda, dünyanın ən böyük saray-muzey kompleksidir.
Muzeydə Osmanlı imperatorluğuna aid memarlıq abidələri, müxtəlif əşyalar və təxminən 300 min arxiv sənədi saxlanılır. “Bab-ı Hümayun”, “Babüsselam” və “Babüssaade” adlı üç əsas qapısı olan Topqapı bağçalar və meydanlarla əhatələnib. Saray bir-birinə giriş-çıxışı olan dörd həyətdən ibarətdir. Birinci həyətdə Osmanlı imperatorluğu dövründə hərbi vəsait saxlanılırdı. Burada, eyni zamanda, 330-cu illərdə inşa edilən “Aya İrini Kilsəsi” kimi binalar da yer alıb.
Sarayın ikinci həyəti isə dövlət idarəçiliyi binalarından ibarətdir. Tarixboyu bir çox rəsmi mərasimlərə şahid olan bu həyətdə imperatorluğun xəzinəsi yerləşirdi. Rəsmi mərasimlərin keçirildiyi əsas binanın arxasında isə sultanın ədalətinin rəmzi olan “Ədalət Qülləsi” görünür.
Sarayın hərəm hissəsinin girişi qüllənin yanındadır. Buradan tikilinin üçüncü həyətinə keçmək olur. Sultanların ailə üzvlərinə aid olan bu həyətdə Sultan II Muradın zamanında saray məktəbi inşa edilib. Yığıncaqların keçirildiyi, yerli və xarici elçilərin qəbul olunduğu “Ərz Otağı”, “Enderun” xəzinəsi, “Fatih Köşkü” kimi tikililər də bu həyətdədir.
Buradan xüsusi bağçalar və padşaha aid köşklərin yerləşdiyi dördüncü həyətə keçmək mümkündür. Osmanlı İmperiyasının klassik memarlıq mədəniyyətinin əsas əsərlərindən sayılan “Bağdat” və “Revan” köşkləri, “İftariye” və “Sofa” məscidləri, “Qara Mustafa Paşa Köşkü”, “Həkim Başı Qülləsi” kimi tanınan tikililər də dördüncü həyətdə yerləşir.
Tarixi boyu bir çox hadisələrə şahid olan sarayın bir hissəsi 1574-cü ildə baş vermiş yanğın zamanı ciddi zərər görmüşdü. Bu səbəbdən Sultan II Səlimin əmri ilə tikilinin mətbəx, hərəm və ərz otaqları o zamanın tanınmış şəxsiyyətlərindən olan Memar Sinan tərəfindən bərpa olunmuşdu.
Hazırda hər gün minlərlə insanın ziyarət etdiyi Topqapı İstanbulun ən çox turist qəbul edən tarixi məkanlarından biridir. Nadir memarlıq üslubu və gözəlliyi ilə istər yerli, istərsə də xarici turistləri özünə cəlb edən saray 1985-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul