ELM VƏ TƏHSİL
“eTwinning Plus” layihəsi üzrə əlaqələndirici seminar
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-dən “Park İnn” otelində “eTwinning Plus” layihəsi üzrə əlaqələndirici seminar olub.
AZƏRTAC xəbər verir ki, müəllim və mütəxəssislərin, Böyük Britaniya, Almaniya, Fransanın “eTwinning” layihəsi üzrə nümayəndələrinin iştirak etdikləri seminarda Təhsil Nazirliyinin nümayəndəsi Nərminə Əliyeva, “Mədəd-Azərbaycan” təşkilatının nümayəndəsi Fəridə Abbasova qeyd edilən layihə haqqında məlumat veriblər.
Bildirilib ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Mədəd Azərbaycan” təşkilatı 2013-cü ildən etibarən Avropa Şurasının maliyyələşdirdiyi “eTwinning Plus” layihəsinin icrasına başlayıb. Avropa İttifaqının Davamlı Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning” layihəsinin genişləndirilməsi və ölkələrarası təhsil əlaqələrinin inkişafı təmin edilir.
“eTwinning Plus” layihəsinə Azərbaycan üzrə müvafiq bacarıqlara malik müəllimlər qoşulublar. Layihə çərçivəsində müəllimlər şagirdlərə yeni bilik və bacarıqları daha maraqlı, əyləncəli və səmərəli yolla əldə etməyə kömək edən virtual dərslər hazırlayırlar. Həmin müəllimlərin fəaliyyəti mütəmadi olaraq izlənilir, ən uğurlu layihələr, ən fəal müəllim və şagirdlər seçilərək mükafatlandırılırlar. Fərqlənən müəllimlər “eTwinning” layihəsi çərçivəsində təşkil olunan müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirlər.
Eyni zamanda diqqətə çatdırılıb ki, “eTwinning”ə qoşulmuş bütün ölkələrin şagird və müəllimləri təcrübə və fikir mübadiləsi apararaq bir-birlərinin həyat tərzi ilə tanış olmaq imkanı qazanırlar.
Seminarda iştirakçılara sertifikatlar verilib.