ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib
Bakı, 9 aprel, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2021-ci ildə növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclasda şuranın üzvləri, institutun ayrı-ayrı şöbələrinin müdirləri ilə yanaşı, Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç və TİKA-nın nümayəndəsi Elmir Laçın da iştirak ediblər.
Elmi şuranı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. Akademik bildirib ki, türkiyəli ziyalıları Elmi şuramıza dəvət etmək artıq bir ənənəyə çevrilib.
Akademik Türkiyədə “Yunus Əmrə ili” və Ədəbiyyat İnstitutunda qarşıda duran vəzifələrdən söz açıb:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili “Yunus Əmrə ili” elan edib. Bu münasibətlə əlimizdən gələn dəstəyi etməyi özümüzə borc bilirik. “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üçüncü cildində Yunus Əmrəyə ayrıca oçerk həsr edilib. Bunlardan əlavə TİKA və Bakı Yunus Əmrə İnstitutu ilə birgə bir sıra layihələr həyata keçirəcəyik. Yunus Əmrənin kitabını çap etdirib, ona həsr olunan konfrans təşkil edəcəyik”.
Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç və TİKA-nın nümayəndəsi Elmir Laçın çıxış edərək qarşılıqlı əməkdaşlıqdan məmnun qaldıqlarını bildiriblər.
Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun adlı mükafatlarının təsis edilməsi haqqında məsələyə baxılıb, Həmid Araslı, Məmmədcəfər Cəfərov, Yaşar Qarayev, Abbas Zamanovun adını daşıyan mükafatların təsis edilməsi məsələsi müzakirə olunub.
İnstitutun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslının 80, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Çingiz Sasaninin 90 illik yubileylərinin qeyd edilməsi, Azərbaycan ədəbiyyatı tarixinin VIII cildinin (Müstəqillik dövrü) hazırlıq vəziyyəti haqqında məsələlər də müzakirə olunub.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli elmi müəssisənin “Azərbaycan ədəbiyyatşünaslığı”, “Poetika.izm”, “Müqayisəli ədəbiyyatşünaslıq”, Humanitar və İctimai Elmlər Bölməsinin “Filologiya və sənətşünaslıq” jurnallarının Türkiyənin “İdealonline” elmi bazasına daxil edilməsini qeyd edib. İnstitutun elmi jurnallarının beynəlxalq standartlara uyğun hazırlanması istiqamətində əldə olunan nəticələr və qarşıda duran vəzifələrdən danışıb.
Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov 2020-ci il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbul olanların elmi rəhbərlərinin və mövzularının təsdiqi barəsində məlumat verib.
Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi, professor Qəzənfər Paşayevin “Xilaskarlar” adlı monoqrafiyası (Elmi redaktor və “Ön söz”ün müəllifi: akademik İsa Həbibbəyli, rəyçi: akademik Nizami Cəfərov) çapa tövsiyə olunub.
İclasda akademik İsa Həbibbəyli institutun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları Rauf Sadıxovu 80, Şahbaz Musayevi 60, Təranə Aslanovanı 60 illik yubileyləri münasibətilə təbrik edib. “İlin alimi” nominasiyasının qalibləri filologiya elmləri doktorları İslam Qəribliyə, Bəsirə Əzizəliyevaya və “İlin gənc alim” nominasiyası üzrə Gülnar Qasımlıya diplom təqdim olunub.