SİYASƏT
ƏDLİYYƏ NAZİRLİYİNDƏ QƏBUL
Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin üzvü, tanınmış hüquq müdafiəçisi Sergey Kovalyovu onun xahişi ilə qəbul etmişdir.
Qonağı səmimi salamlayan Ədliyyə naziri ölkədə həyata keçirilən demokratik islahatlar, o cümlədən insan hüquqlarının daha etibarlı müdafiəsinə yönəlmiş məhkəmə-hüquq islahatı barədə məlumat vermişdir. Görüşdə Avropa Şurası ilə əməkdaşlıq haqqinda, respublikamızın öhdəlikləri üzrə fikir mübadiləsi aparılmış, dövlətimizin demokratik prinsiplərə və humanist dəyərlərə daim sadiqliyi vurğulanaraq möhtərəm Prezidentimiz cənab Heydər Əliyev tərəfindən təkcə son illər ərzində 2500-ə qədər məhkumun əfv edildiyi, dövlətimizin başçısının təşəbbüsü ilə 65 minədək şəxs barəsində amnistiya tətbiq edildiyi qeyd olunmuşdur.
Görüşdə “siyasi məhbus” adlandırılan şəxslərlə bağlı qondarma problemə də toxunulmuş, dövlətimizin mövqeyi qətiyyətlə bildirilərək əsaslandırılmış, yayılan yanlış məlumatlar konkret faktlarla təkzib edilmişdir.
Həmçinin görüşdə Azərbaycan dövlətçiliyi əleyhinə ağır cinayətlər törətmiş şəxslərin cinayət işlərinə apellyasiya qaydasında yenidən baxılması ölkəmizin insan hüquqlarının qorunması prinsipinə sadiqliyinin daha bir təzahürü kimi dəyərləndirilmişdir.
Azərbaycanda hələ 1993-ci ildən ölüm hökmünün icrasına moratorium qoyulduğunu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq bu cəzanın ləğv edildiyini məmnuniyyət hissi ilə qeyd edən qonaq, ölkəmizdə cəzaçəkmə yerlərinə baş çəkərək siyasi məhbus kimi qələmə verilən və digər məhkumlarla görüşdüyünü, aparılan müsbət dəyişikliklərin bilavasitə şahidi olduğunu bildirərək, Azərbaycanda məhkumların hüquqlarının təminatının Rusiya və digər ölkələrlə müqayisədə daha yaxşı olduğunu vurğulamış, bununla yanaşı, hüquq müdafiəçilərinin mövqeyini açıqlamışdır.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə Rusiyadan olan hüquq müdafiəçisi Valentin Gefter, Ədliyyə nazirinin müavini - Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi A.Qasımov və nazirliyin digər məsul işçiləri iştirak etmişlər.