DÜNYA
Əfqanıstanda son 12 ayda 3 300 dinc sakin həlak olub
Bakı, 24 sentyabr, AZƏRTAC
Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, son 12 ayda bu ölkədə “Taliban” silahlıları ilə hökumət qüvvələri və koalisiya qoşunları arasında döyüşlərin, habelə terror aktlarının nəticəsində 3 300 dinc sakin həlak olub, 14 600 nəfər isə yaralanıb.
AZƏRTAC TOLONews agentliyinə istinadla xəbər verir ki, bu hesabat Komanda və Nəzarət Mərkəzinin 34 vilayətdə apardığı tədqiqatların nəticəsində tərtib olunub. Mərkəzin məlumatında bildirilir ki, terrorçu kamikadzelərin törətdikləri terror aktları nəticəsində 460 dinc sakin həyatını itirib, 1 200 nəfər yaralanıb.
Bundan başqa, Müstəqil İnsan Hüquqları Komissiyası Əfqanıstan ordusu və koalisiya güclərinin aviazərbələri nəticəsində dinc sakinlər arasında tələfatın artmasından narahatlığını ifadə edib. Təkcə sentyabrın 23-də ölkənin cənubunda “Taliban”a qarşı hava əməliyyatı nəticəsində 45 dinc sakin öldürülüb. İnsan haqları komissarı Əbdül Şakur Məşkur qeyd edib ki, Vardak və Nanqarhar vilayətlərində həlak olan dinc sakinlər məhz hökumət qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatların qurbanlarıdır. Müdafiə Nazirliyinin sözçüsü Ruhulla Əhmədzai isə bəyan edib ki, ordu və polis qüvvələri dinc sakinlərin təhlükəsizliyini diqqət mərkəzində saxlayırlar.
BMT-nin son hesabatında da Əfqanıstanda müharibə qurbanı olan dinc sakinlərin sayının artmasından narahatlıq ifadə olunub və münaqişə tərəflərinə bunun qarşısının alınması barədə çağırış edilib.