İQTİSADİYYAT
Ekspert: Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı hədəflərinə nail ola bildi
Bakı, 30 may, Samirə Quliyeva, AZƏRTAC
Cənub Qaz Dəhlizi bütövlükdə region, o cümlədən Azərbaycan üçün vacib, eyni zamanda, strateji əhəmiyyət daşıyan layihələrdən hesab olunur. Bu layihənin reallaşması bilavasitə Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Sözügedən təşəbbüs dünyanın ən böyük investisiya layihələrindən biri kimi qiymətləndirilir.
Bu fikirləri AZƏRTAC-a iqtisadi-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, investisiya tutumu 40 milyard dollardan artıq olan bu təşəbbüsün reallaşması Azərbaycanın məhz uğurlu və məqsədli siyasəti nəticəsində mümkün oldu. Çünki həm investisiyanın cəlb edilməsində, həm layihənin reallaşması ilə bağlı texniki məsələlərin həll edilməsində təbii ki, Azərbaycanın mövqeyi önəmli idi. Bu baxımdan biz həm region, eləcə də Avropa qitəsi üçün kifayət qədər əhəmiyyətli layihənin reallaşmasını müşahidə edirik. Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı hədəflərinə nail ola bildi.
Bu təşəbbüsün reallaşmasının iqtisadi, sosial, strateji və siyasi baxımdan çox vacib olduğunu deyən iqtisadçı-ekspert bildirib ki, iqtisadi baxımdan Cənub Qaz Dəhlizi Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək. İlkin qiymətləndirmələrə görə, Cənub Qaz Dəhlizi ölkəmizə gəlir olaraq 100 milyard dollar vəsaitin daxil olmasına imkan yaradacaq. Bu, ölkəmizin dövlət gəlirlərinin, eləcə də strateji valyuta ehtiyatlarının artırılması baxımından önəmlidir. Həmçinin imkan verəcək ki, Azərbaycan gəlirlərinin artması fonunda daha çox sosial investisiya üçün vəsaitlər ayıra bilsin. Bu, xüsusən də sosial proqramların uzunmüddətli dövr üçün dayanıqlı şəkildə maliyyələşdirilməsi üçün bir baza formalaşdırır.
Eyni zamanda, Cənub Qaz Dəhlizi Azərbaycan üçün sosial əhəmiyyət də daşıyır. Çünki gəlirlərin artması bir tərəfdən sosial proqramların sayına, digər tərəfdən, birbaşa məşğulluğa təsir göstərir. Həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələrdə 30 minə yaxın iş yeri yaradılıb. İş yerlərinin bir qismi daimidir. Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi hətta Avropa ölkələrində iş yerlərinin yaradılmasına imkan yaratdı. Belə ki, 200 iş yeri Yunanıstanın payına düşür.
"Cənub Qaz Dəhlizi Azərbaycanın strateji mövqeyinin möhkəmlənməsi baxımından çox vacibdir. Belə ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha yaxından iştirak edəcək, TANAP vasitəsilə Türkiyə bazarına əlavə olaraq 7 milyard kubmetr mavi qaz, Avropaya ilkin mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Nəticədə Azərbaycan regionun enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biri olacaq. Cənub Qaz Dəhlizi Xəzər hövzəsinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində yeni alternativ mənbə kimi çıxış etməsinə gətirib çıxarır ki, bu da ölkəmizin regionda mövqeyinin möhkəmlənməsi anlamına gəlir", - deyə V.Bayramov vurğulayıb.