SİYASƏT
Ekspert: Regionda davamlı sülhə və inkişafa hər üç ölkənin birgə iştirakı ilə nail olmaq mümkündür
Tbilisi, 4 aprel, AZƏRTAC
Brüsseldə ABŞ və Avropa İttifaqı nümayəndələrinin Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü özlüyündə mühüm siyasi tədbirdir. Lakin bu tədbirə Qafqazın digər ölkələri - Azərbaycan və Gürcüstanın dəvət olunmaması təəssüf doğurur və anlaşılmazlıq yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa İttifaqının Gürcüstandakı “Media, Promotion, Innovations, Consulting” (MPIC) Assosiasiyasının təsisçisi və İdarə Heyətinin üzvü, ekspert Andrzey Klimczyk deyib.
O hesab edib ki, regionda davamlı sülhə, sabitliyə və inkişafa nail olmaq üçün hər üç ölkənin birgə iştirakı vacibdir: “Antoni Blinken aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək məsələyə aydınlıq gətirməyə çalışıb. Azərbaycan tərəfi də haqlı olaraq öz mövqeyini açıq şəkildə bir daha ifadə edib. Lakin görüşün tam məqsədini bilmədiyim üçün dəqiq analiz verə bilmirəm”.
Ekspertin sözlərinə görə, Antoni Blinkenin də dediyi kimi, aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş yalnız Ermənistanın sülh prosesi ilə bağlı mövqeyini dəqiqləşdirməkdən başqa bir şey deyil. “Amma yenə də hər şeyi zaman göstərəcək. Hər bir halda bu görüş üçtərəfli deyil, ən azından “2+3 formatı”nda - ABŞ, Avropa ittifaqı, Azərbaycan, Gürcüstan və Ermənistanın birgə iştirakı ilə keçirilsə daha səmərəli ola bilərdi”, - deyə, A.Klimczyk vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi