CƏMİYYƏT
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO
Bakı, 30 aprel, AZƏRTAC
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərinin “beh” qismində dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin əməlləri törədən 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Elman saxlanılıb.
Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub.
O, digər şəxslərin adına olan mobil nömrələrdən istifadə etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları satacağını vəd verərək müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
E.Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.