DÜNYA
Elektron külək Yupiterin Avropa peykində həyatı məhv edir
Bakı, 5 aprel (AZƏRTAC). Yupiterin Avropa peyki Günəş sistemində yerətrafı həyatın mövcud olduğu daha çox ehtimal edilən yerlərdən biridir. Avropada həyat okeanda, peykin buz təbəqəsinin dərinliyində ola bilər. Elə hesab edilir ki, bəzi orqanizmlər hətta təbəqədəki çatlaq və sınıq yerlərdən özlərinə yol açıb çıxa bilər.
Lakin Kaliforniya Texnologiya İnstitutunun bir qrup alimi belə güman edir ki, Yupiterin maqnit sahəsinin doğurduğu güclü şüalanma daim Avropanın səthini sterilləşdirir. Bu, o deməkdir ki, potensial mikroorqanizmləri orbital və enmə aparatın köməyi ilə aşkara çıxarmaq əslində mümkün olmayacaqdır.
Yupiterin maqnit sahəsi meqaelektronvolt (MeB) diapazonunda yüksək enerjili elektronlarla Avropanı bombardman edir. Belə şüalanmanın canlı orqanizmlərə təsiri barədə müasir elmi məlumatların böyük bir hissəsi tibb sahəsində cəmləşmişdir, yəni indiyədək alimlər şüalanmanın insan orqanizminə təsirini öyrənmişlər.
Kaliforniya Texnologiya İnstitutunun alimləri ilk dəfə olaraq diqqəti canlı orqanizmin əsas tərkib hissəsi kimi su üzərində cəmləşdirmişlər. Tədqiqatçılar müxtəlif qalınlıqda olan buz təbəqələrinin altında müxtəlif üzvi molekullar yerləşdirmiş, sonra onları elektron topdan atəşə tutmuşlar. Nəticədə elektronların buzun içinə girmə dərinliyini müəyyən etmək mümkün olmuşdur.
Alimlər Yupiterinkindən 10 min dəfə az enerjili elektronlardan istifadə etmiş, sonra isə onların 100 MeB enerji ilə buzu keçməsi dərinliyini hesablamışdır. İndi məlumdur ki, elektronlar 60-80 santimetr buzun dərinliyinə daxil ola bilir və daim belə şüalanma hər cür üzvi maddələri məhv edir.
Yeni məlumatlarla əlaqədar olaraq, görünür, Avropaya gələcək missiya planlarını dəyişmək lazım gələcəkdir. Hər halda orbital zond həyatı aşkar edə bilməyəcəkdir, enmə aparat isə onlarca santimetr deyil, daha dərin qazma aparmalıdır.