ELM VƏ TƏHSİL
Elektron resurslardan istifadə və kitabxana etikasına dair müzakirələr aparılıb
Bakı, 11 may, AZƏRTAC
UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində “Elektron resurslardan istifadə bacarıqları” və “Kitabxana etikası” mövzularında növbəti təlim keçirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, tədbiri UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva açaraq “Oxu mədəniyyəti” layihəsindən, gənclərdə oxu mədəniyyətinin formalaşdırılması məqsədilə mütaliə vərdişlərinin aşılanmasının faydalarından bəhs edib. A.Abdullayeva oxu mədəniyyəti indeksi üzrə ilk sıralarda yer alan ölkələrdən, onların mütaliə vərdişlərindən, dünyanın ən zəngin və məşhur adamlarının oxu səriştəsi barədə maraqlı məlumatları diqqətə çatdırıb. O, mərkəzin abunə olduğu “Emerald Publishing”, “İPR Smart” nəşriyyatları və “EBSCO” kimi beynəlxalq data bazalar haqqında məlumat verib.
Mərkəzin şöbə müdiri Sədaqət Əhmədli “UNEC Kitabxana-İnformasiya Mərkəzi üzrə fondların formalaşdırılması: yeni mərhələ, yeni baxış” mövzusunda təqdimatla çıxış edib. O, mərkəzin ümumi fondu, son 4 ildə kitabxana fonduna daxil olan yeni yerli və beynəlxalq nəşrlər, sosialyönümlü layihələr çərçivəsində kitabxanaya hədiyyə olunan dərsliklər, kitabxanalarda sərgilənən kitab kolleksiyaları, kitabxanaların iştirak etdiyi kitabtoplama layihələrindən danışıb.
UNEC Kitabxana-İnformasiya Mərkəzinin 24/7 kitabxanasının müdiri Arzu Məmmədova isə “Kitabxana etikası” mövzusunda çıxış edib. O, müasir dövrün kitabxana qaydaları, kitabxana etikası və kitabxanaçı-oxucu-istifadəçi münasibətləri, eləcə də kitabxanaya müraciətlərin edilməsi, sorğuların cavablandırılması və digər mövzular barədə geniş məlumat verib. O, tələbələrə kitabxanadan və elektron resurslardan yararlanmağı tövsiyə edib.
Sonra tələbələrlə mövzu ilə bağlı müzakirələr aparılıb.