REGİONLAR
Elmi seminarda arxeoloji abidələrin müasir metodlarla müəyyənləşdirilməsi məsələləri müzakirə olunub
Qəbələ, 18 mart, Mustafa Dadaşov, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyi, Yulius Maksimilian adına Würzburg Universiteti, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələdə “Arxeoloji abidələrin müasir metodlarla müəyyənləşdirilməsi və tədqiqi” mövzusunda elmi seminar keçirilib.
Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Qəbələ Arxeoloji Mərkəzin konfrans zalında keçirilən seminarı Tarix-Bədii Qoruğun direktoru Zahir Kərimov açaraq qoruğun fəaliyyəti barədə qısa məlumat verib.
SEBA Assosiasiyasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İradə M.Nəcəfova çıxışında bildirib ki, SEBA-nın təşkilatçılığı ilə 2005-ci ildən etibarən Azərbaycan arxeoloqlarının (AMEA), 2009-cu ildən isə Koreya arxeoloqlarının da iştirakı ilə Qəbələdə arxeoloji tədqiqatlar aparılır. Alimin çıxışı “Qəbələ arxeoloji ekspedisiyası (2005-2019, 2023-cü illər)” mövzusunda tərtib edilmiş slayd-şounun nümayiş ilə davam etdirilib.
Elmi seminarda Würzburg Universitetinin Qədim Yaxın Şərq Arxeologiyası departamentinin professoru Martin Gruber “Arxeometriya – maddi mədəniyyətin dərisinin altına girmək” mövzunda təqdimatla çıxış edib. Almaniyalı tədqiqatçı çıxışında müasir və ənənəvi metodlar vasitəsilə arxeoloji tapıntıların laborator şəraitdə təhlilindən və əldə edilən dəqiq elmi nəticələrdən danışıb.
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru müəllimi Laçın Mustafayev “Maddi mədəniyyət abidələrinin öyrənilməsi və təbliği” mövzusunda məruzə ilə çıxış edərək, arxeoloji artefaktların tədqiqi, mühafizəsi və təbliğinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Alim Milli Azərbaycan Tarixi Muzeyinin son nəşrlərini – kataloq və kitab-albomları qoruğa hədiyyə edib.
Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə çıxışında tədbirin əhəmiyyətini, məruzələrdə səslənən elmi məsələlərin aktuallığını vurğulayıb.
Seminarın sonunda SEBA Assosiasiyasının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Qəbələ – Qafqaz Albaniyasının paytaxtı” adlı sənədli film nümayiş olunub. Qonaqlara SEBA Assosiasiyasının dəstəyi ilə akademik Teymur Bünyadovun rəhbərliyi altında hazırlanan “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitablarından ibarət toplu hədiyyə edilib.
Tədbirdən sonra qonaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisində yerləşən Səlbir, Qala və Antik şəhər ərazilərində arxeoloji qazıntı sahələri ilə tanış olublar.