İDMAN
Elnur Amanov: Azərbaycan taekvondoçularının “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanları böyükdür
Bakı, 8 iyul, Məmməd İsayev, AZƏRTAC
“Rio-2016” Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq birinci Avropa Oyunlarındakı uğurun təsadüfi olmadığını sübut etməyə çalışacağıq. Bu, bizim üçün böyük bir nəticə olar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində taekvondo üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Elnur Amanov bildirib.
E.Amanov deyib ki, Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq siyahısında ilk altılıqda olacaq idmançılar “Rio-2016” Oyunlarına birbaşa vəsiqə əldə edəcəklər. Radik İsayev “Rio-2016”ya vəsiqəsini demək olar ki, 60 faiz təmin edib. O, hazırda dünya reytinqində 80 kiloqramdan yuxarı çəki dərəcəsində ikinci yerdədir. Hazırda dünya reytinqində 67 kiloqramdan aşağı çəki dərəcəsində doqquzuncu yerdə qərarlaşan Fəridə Əzizovanın da Braziliyada keçiriləcək Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanmağa şansı böyükdür. Ona görə də yetirmələrimin beynəlxalq yarışlarda da iştirak edib Olimpiya Oyunları üçün xal yığması çox mühüm əhəmiyyət kəsb edir.
Yığma komandamızın üzvlərinin gələcəkdə iştirak edəcəyi beynəlxalq turnirlər haqqında məlumat verən Elnur Amanov deyib: “Komandamızın üzvləri iyulun 22-27-də Koreya Respublikasında keçiriləcək “Koreya open” turnirində iştirak edəcək və 20 xal toplamağa səy göstərəcəklər. Bundan başqa, taekvondoçularımız avqustda Moskvada, sentyabrda Samsunda, oktyabrda Mançesterdə, dekabrda Mexikoda təşkil ediləcək dörd Qran-pri turnirinə qatılacaqlar. Ən çox xal bu turnirlərdə qazanılacaq. Bununla da xalların yığılması cari ildə dayandırılacaq. Bu Qran-pri turnirlərinin ilk üçünün hər birində 40 xal qazanmaq imkanı olacaq. Meksikadakı son Qran-pri turnirində yüksək nəticə göstərən idmançılara isə 80 xal veriləcək. Meksikadakı turnirdə Olimpiya Oyunlarına vəsiqə uğrunda yalnız səkkiz idmançı iştirak edə biləcək. Oraya da hazırda milli komandamızın ən real namizədi dünya reytinqində öz çəki dərəcəsində ikinci pillədə qərarlaşan Radik İsayevdir. Əgər Radik ilk iki Qran-pri turnirlərində xal yığarsa, onda o, reytinqdə öz yerini möhkəmləndirəcək. Qran-pri yarışlarından sonra dünya Olimpiya reytinq siyahısında ilk altılıqda olan idmançılar “Rio-2016”ya birbaşa vəsiqə qazanacaq.
Böyük məşqçi vurğulayıb ki, taekvondo idmanında hər qitənin özünün Olimpiya Oyunları üçün ayrıca vəsiqə turnirləri keçiriləcək. Dünya reytinq siyahısında ilk altılığa düşməyən idmançılar üçün Avropa qitəsindən vəsiqə qazanmaq imkanı da qalacaq. Ona görə də idmançıların 2016-cı ilin yanvarında Türkiyədə keçiriləcək Rio Yay Olimpiya Oyunlarına Avropa lisenziya turnirində yüksək yerlər tutmaq şansları olacaq. Çalışıb Olimpiya Oyunlarına lisenziyanı Qran-pri turnirlərindən götürmək istəyirik. Azərbaycanı “Rio-2016” Oyunlarında daha çox taekvondoçunun təmsil edə bilməsi üçün Qran-pri turnirlərində milli komandamızın üzvlərinin mümkün qədər çox xal toplamasına çalışacağıq. Bu turnirlərdə maksimum xal qazanıb vəsiqə şansımızı gələn il yanvarda Türkiyədə keçiriləcək son turnirə saxlamaq istəmirik.
Yığma komandanın növbəti beynəlxalq turnirlərə hazırlaşmaq üçün artıq məşqlərə başladıqlarını deyən böyük məşqçi qeyd edib ki, bütün bu turnirlər arasında təlim-məşq toplanışlarımız da olacaq. Məşqlərimiz gündə 2 və ya 3 dəfə olaraq intensiv davam edir. Ümumiyyətlə, məşqlərimiz ilin sonunadək davam edəcək. Biz beynəlxalq yarışlara davamlı olaraq hazırlaşırıq. Çünki gələcəkdə Qran-pri turnirlərində iştirak edib xal toplamağımız çox vacibdir.