ELM VƏ TƏHSİL
Elnur Eltürk: Azərbaycan Diaspor Könüllülərinin “Vikipediya” təlimlərinə maraqları böyükdür
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Diaspor Könüllüləri “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində iştirak edirlər. Təlimlər Azərbaycan Diaspor Könüllüləri proqramının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə keçirilir.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
O bildirib ki, Azərbaycan Diaspor Könüllülərinin “Vikipediya” təlimlərinə maraq və istəkləri böyükdür: “Onlar təlimlərdə böyük həvəslə iştirak edirlər. Könüllülər “Vikipediya”nın qaydalarını və digər xüsusiyyətlərini dərindən öyrənməyə çalışırlar. İnanıram ki, onlar “Vikipediya” platformasında fəal olacaqlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Diaspor Könüllüləri savadlı, vətənpərvər gənclərdən təşkil olunub. Onların intellektual potensialı “Vikipediya” istiqamətində fəaliyyətə yönələrsə, Azərbaycan və xarici dil bölmələrində ölkəmizlə bağlı məqalələrin zənginləşdirilməsinə böyük töhfə olar”.
Elnur Eltürk diqqətə çatdırıb ki, Vətən müharibəsində Azərbaycan Diaspor Könüllüləri sosial şəbəkələrdə və müxtəlif seqmentlərdə Azərbaycan həqiqətlərinin çatdırılmasında fəal iştirak ediblər. Bu gün onların “Vikipediya” platformasında da fəal olmaları arzuediləndir.
“Hazırda informasiya müharibəsində və xüsusilə, təbliğat nöqteyi-nəzərindən “Vikipediya” platforması xüsusi rol oynayır. İnsanların informasiya əldə etmək üçün müraciət etdiyi axtarış sistemlərdən biri də “Vikipediya”dır. Məhz könüllülər tərəfindən ciddi, əsaslı, nüfuzlu mənbələrə söykənən məqalələrin yaradılması və redaktəsi prosesi effektiv şəkildə davam etməlidir”, - deyə Elnur Eltürk vurğulayıb .
Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.