ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunda “Ürək dostu, könül həmdəmi” kitabının təqdimatı keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Ürək dostu, könül həmdəmi” kitabının təqdimat mərasimi keçirilib.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə baş direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov təqdim olunan kitabın institutun Elmi şurasının qərarı ilə işıq üzü gördüyünü qeyd edib. Vurğulayıb ki, nəşrdə Füzuli dühasının ən parlaq örnəklərindən biri olan “Ənisül-qəlb” qəsidəsinə verilən şərhlər yer alıb. Orta əsrlərin ensiklopediyası kimi də dəyərləndirilən bu məşhur qəsidə beyt-beyt, misra-misra təhlilə cəlb olunub. Şairin bədii-estetik formada əks etdirdiyi mətləblər çağdaş tədqiqat üsulları ilə geniş şəkildə açıqlanıb.
Tədbirdə füzulişünas alimlər - filologiya elmləri doktoru Lalə Əlizadə (İkramqızı), Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Füzuli ədəbi məclisinin sədri, həmin institutun böyük elmi işçisi Sona Xəyal çıxış edərək kitabın elmi və təcrübi əhəmiyyətindən danışıblar. Alimlər şərhi elmimiz üçün bir yenilik kimi qiymətləndiriblər.
Sonra kitabın elmi redaktoru və nəşrə hazırlayanı Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov kitabın ərsəyə gəlməsi prosesindən danışıb, “Ənisül-qəlb” qəsidəsinin şərhində müəlliflərin bir neçə elmin nailiyyətlərindən istifadə etdiklərini bildirib.
Sonda kitabın müəllifləri - filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov və ilahiyyatçı Arif Sərraf çıxış edərək nəşrin ərsəyə gəlməsində zəhməti olan alim və mütəxəssislərə təşəkkürlərini bildiriblər.
Tədbir karantin qaydalarına uyğun olaraq hibrid rejimdə baş tutub, iştirakçıların bəziləri əyani, digərləri isə onlayn rejimdə mərasimə qatılıblar.