İQTİSADİYYAT
“Embafinans” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC-nin ümumi dəyəri 1 milyon 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 1500 ədəd, nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10,5 faiz, tədavül müddəti bir ildir. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya şirkəti” QSC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək olar.