REGİONLAR
Emin Hüseynov: Ağdamda görülən bütün işlər Böyük Qayıdışın tezliklə reallaşacağından xəbər verir VİDEO
Ağdam, 20 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdamda quruculuq işləri Baş plana uyğun olaraq sürətlə aparılır. Görülən bütün işlər Böyük Qayıdışın tezliklə reallaşacağından xəbər verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən ağackmə aksiyasında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün çox gözəl bir gündür - Ağdamın işğaldan azad olunmasının birinci ildönümüdür. “44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımız tarixi Qələbəyə imza atdılar. Düşmənə elə bir zərbə vuruldu ki, bu gücün qarşısında tab gətirməyib, kapitulyasiya aktına imza atdı. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan Ağdamı 20 noyabr tarixində bir güllə belə atmadan Azərbaycana qaytardı. Beləliklə Ağdama qovuşduq. Bu il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri zamanı rayon ictimaiyyəti ilə görüşündə rayonun Baş planını təqdim etdi. O vaxtdan etibarən Ağdamda quruculuq işlərinə başlanıldı. Hazırda Bərdə-Ağdam yolunun inşası sürətlə davam etdirilir. “Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının inşası artıq başa çatıb. Hər iki yarımstansiyaya elektrik xətti çəkilib. Bir neçə yaşayış binasının layihəsi hazırlanıb və bəzilərində torpaq işlərinə başlanılıb. Prezidentin təməlini qoyduğu 1 nömrəli məktəbdə işlər aparılır. Bura köçəcək vətəndaşlarımızın iş yerləri ilə təmin olunmaları üçün Ağdam Sənaye Parkının da inşasına başlanılıb", - deyə o qeyd edib.
Emin Hüseynov bu gün Ağdamda keçirilən ağacəkmə aksiyasının əhəmiyyətindən də söz açıb və gələcəkdə belə yaşıllıqların daha da artırılacağını vurğulayıb. Bildirib ki, bugünkü ağacəkmə aksiyası Ağdamda yaradılacaq 4 meşə zolağından birində həyata keçirilir. Burada ilk ağacı dövlət başçısı Ağdama səfəri zamanı əkib. Bugünkü aksiya ilə 2,5 hektar ərazini əhatə edən bu meşə zolağında ağacların əkilməsi tamamlanıb. Ərazidə, eyni zamanda, palıd toxumları da səpilib.
“Bu, həm Ağdamın işğaldan azad olunmasının bir illiyi münasibətilə, həm də Prezidentin təşəbbüsü ilə başlanan ağacəkmə aksiyasının davamı olaraq həyata keçirilir. Bu gün həm də ona görə əlamətdardır ki, bu ağacların əkilməsində əməkdaşlarımız və könüllülərlə yanaşı, Ağdamdan olan şəhid ailələrinin üzvləri də iştirak edirlər. Bu gün onların əkdiyi hər bir ağacın yanında şəhid adlarının həkk olunduğu xatirə lövhələri basdırılır. Bu, onların xatirəsinin əbədi olaraq yaşayacağı deməkdir. İnşallah gələcəkdə belə yaşıllıqlar çox olacaq. Bu aksiyanın keçirilməsində Ağdam Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bizə dəstək oldu. Əməyi keçən hər kəsə təşəkkür edirik", - deyə xüsusi nümayəndə əlavə edib.