ELM VƏ TƏHSİL
“ƏN YAXŞI MÜƏLLİM” MÜSABİQƏSİNİN II MƏRHƏLƏSİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR DAVAM ETDİRİLMİŞDİR
Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi ilə bağlı fənn komissiyalarının üzvləri ilə görüş keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə təhsil naziri Misir Mərdanov ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi ilə bağlı lazımi təşkilati işlərin görüldüyünü bildirmişdir.
Nazir “Ən yaxşı müəllim” müsabiqəsi barədə məlumat verərək bildirmişdir ki, bu müsabiqədə iştirak etmək üçün Təşkilat Komitəsinə müraciət edən 393 nəfərdən 208-i növbəti mərhələyə buraxılmışdır.
M.Mərdanov həmin müəllimlərin sınaq dərsi deyəcəklərini, dinləniləcək dərslərin qiymətləndirilməsi meyarlarının da artıq müəyyən edildiyini söyləmişdir. Diqqətə çatdırılmışdır ki, dinləniləcək sınaq dərslərinin müəyyən edilmiş 12 meyar əsasında maksimum 10 balla dəyərləndirilməsi nəzərdə tutulmuşdur.
Sonra nazir fənn komissiyaları üzvlərinə öz tövsiyələrini vermiş, sınaq dərslərinin dinlənilməsi ilə bağlı suallar cavablandırılmışdır.