SİYASƏT
Ermənipərəst konqresmen Maykl Qrimm həbs edilmişdir
Vaşinqton, 28 aprel (AZƏRTAC). Respublikaçılar Partiyasından Nyu-York ştatı üzrə konqresmen və ABŞ Konqresində Erməni kokusunun həmsədri Maykl Qrimm aprelin 28-də səhər həbs edilmişdir.
Hüquq-mühafizə orqanlarının sözlərinə görə, Nyu-Yorkdakı “Healthalicious” restoranının sahibi olan M.Qrimm həmin restoranın qeyri-leqal fəaliyyət göstərməsində ittiham edilir. M.Qrimmin 2010-cu ildə seçki kampaniyası dövründə də maliyyə pozuntularına yol verməsi müəyyən edilmişdir. Ona həmin pozuntularla əlaqədar ittihamın təqdim edilib-edilməyəcəyi hələ məlum deyil.
Hüquq mühafizə orqanları Qrimmin maliyyə hesabatı sənədlərini öyrənməyə azı 2 il vaxt sərf etmişlər. Konqresmen cari ilin yanvar ayında Amerika KİV-lərindən birinin əməkdaşının sualına cavab verməkdən imtina etməsi ilə əlaqədar qalmaqaldan sonra “məşhurlaşmışdır”. Üstəlik, Qrimm həmin jurnalisti hədələmişdi ki, əgər ona bir də belə sual versə, onu konqresin balkonundan atacaqdır.
Xatırladaq ki, Maykl Qrimm ABŞ-dakı erməni təşkilatları ilə, o cümlədən Amerika Erməni Milli Komitəsi ilə sıx əlaqədar olmuş, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət göstərən separatçı rejimin nümayəndələri ilə birlikdə ABŞ konqresində Dağlıq Qarabağın “müstəqillik bayramında” iştirak etmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton