DÜNYA
Finlandiya zəlzələdən zərər çəkmiş Albaniyaya yardım göndərir
Stokholm, 28 sentyabr, AZƏRTAC
Finlandiya zəlzələdən zərər çəkmiş Albaniyaya yardım göndərir.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, Finlandiya hökuməti Balkan yarımadasında zəlzələdən zərər çəkmiş rayonlara yardım kimi şəxsi heyət və xüsusi avadanlıq göndərməyi qərara alıb.
Sentyabrın 21-də Albaniyada son 30 ildə ən güclü zəlzələ baş verib, nəticədə 100-dən çox adam zərər çəkib. Rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ ölkəyə ciddi ziyan vurub.
Albaniya hökuməti kömək üçün beynəlxalq təşkilatlara müraciət edib. Bu müraciətlə əlaqədar, Finlandiya zəlzələdən zərər çəkmiş rayonlara kömək göstərmək üçün Aİ komandasından ibarət ekspertləri oraya göndərir. Aİ mülki müdafiə mexanizminin bir hissəsi olan bu komandaya beynəlxalq yardımın əlaqələndirilməsi, logistikanın idarə olunması, məlumatların təhlil edilməsi barədə tapşırıq verilib.
Bundan əlavə, Finlandiya hökuməti zəlzələdən zərər çəkmiş rayonlara yardım kimi bir ailəlik çadırlar, adyallar və minlərlə yataq kisələri göndərir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm