İDMAN
Formula 1-in sabiq pilotu qadın-yürüşçülərlə bağlı layihəyə başlayır
Bakı, 10 yanvar, AZƏRTAC
Formula 1-in sabiq pilotu Devid Kulthard qadın layihələrini həmişə dəstəkləyənlərdən biri olub. Onun bundan əvvəlki ideyası - qadın “W Series” çox tez müflisləşdi. İndi Kulthard çexiyalı biznesmen Karel Komareklə birgə “More than Equal” proqramının təşəbbüsçüsüdür.
AZƏRTAC “f1news.ru” saytına istinadla xəbər verir ki, proqramdan məqsəd olduqca iddialıdır: Formula 1-də çempion titulunu qazanacaq qadını tapmaq.
Bu proqramda iştirak üçün dünyanın hər yerindən müraciət qəbul olunur, idmançıların yaşı, məharəti və cari nəticələri dəyərləndirilir.
“More than Equal” proqramının icraçı direktoru Ali Donnelli bu barədə deyib: “Qadınlar təxminən 50 ildir ki, Formula 1-də çıxış etmir. Bütövlükdə avtomobil idmanında yüksək səviyyədə onların sayı çox azdır. Vəziyyəti dəyişməkdən ötrü biz başqa cür hərəkət edəcəyik. Bizim yanaşmamız karyeralarının ilkin mərhələlərində qadın-yürüşçülərin karyerasına sərmayə yatırmaqdır. Biz 2024-cü ildə proqramımızın fəaliyyətə başlaması ilə bu istiqamətdə ilk addımlar atmağımıza çox şadıq”.