İDMAN
“Fransa 2019”: Braziliyanın qadın futbolçuları Kristianenin het-triki sayəsində Yamayka seçməsini məğlub ediblər
Bakı, 10 iyun, AZƏRTAC
Fransanın ev sahibliyi etdiyi qadın futbolçular arasında dünya çempionatının üçüncü günündə - iyunun 9-da C qrupunda iki, D qrupunda isə bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün birinci qarşılaşmasında C qrupunda yer alan İtaliya futbolçuları avstraliyalı rəqiblərini 2:1 hesabı ilə məğlub ediblər. Bu qrupun digər oyununda Braziliya seçməsi Yamayka millisi üzərində inamlı qələbə qazanıb - 3:0. Oyunda hər üç qolu 34 yaşlı hücumçu Kristiane vurub. Günün sonuncu oyununda isə D qrupunda yer alan İngiltərə millisi Şotlandiya yığmasını 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Xatırladaq ki, ötən gün keçirilən oyunlarda B qrupunda yer alan Almaniya yığması Çini (1:0), İspaniya isə Cənubi Afrikanı (3:1) məğlub edib. A qrupunda qərarlaşan komandalardan Norveç seçməsi Nigeriya komandasının qapısından üç cavabsız top keçirib. Çempionatın açılış matçında ev sahibi Fransa millisi Cənubi Koreya seçməsi üzərində 4:0 hesablı qələbə qazanıb.
Çempionatın dördüncü günündə - iyunun 11-də iki görüş keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da Argentina - Yaponiya (D qrupu), saat 23:00-da isə Kanada - Kamerun (E qrupu) görüşləri başlayacaq.
Çempionatda 24 komanda altı qrupda mübarizə aparır. A qrupunda Fransa, Cənubi Koreya, Norveç və Nigeriya milliləri yer alıblar. Almaniya, Çin, İspaniya və Cənubi Afrika seçmələri B, Avstraliya, İtaliya, Braziliya və Yamayka yığmaları C qrupunda mübarizə aparırlar.
Çempionatın D qrupundan səkkizdəbir finala vəsiqə uğrunda İngiltərə, Şotlandiya, Argentina və Yaponiya, E qrupundan isə Kanada, Kamerun, Yeni Zelandiya və Hollandiya futbolçuları yarışırlar. Sonuncu - F qrupunda isə ABŞ, Tailand, Çili və İsveç seçmələri yer alıblar.
Dünya çempionatının görüşlərinə Fransanın 9 şəhəri - Paris, Le Havr, Valensien, Reyms, Renn, Lion, Monpelye, Nitsa, Qrenobl ev sahibliyi edir. Qrup mərhələsinə iyunun 20-də yekun vurulacaq. İyunun 22-25-də səkkizdəbir, 27-29-da dörddəbir final görüşləri keçiriləcək. Yarımfinal qarşılaşmaları iyulun 2-3-də, üçüncü yer uğrunda görüş isə iyulun 6-da oynanılacaq. Final matçı iyulun 7-də Lion şəhərində keçiriləcək.
Xatırladaq ki, dörd il əvvəl Kanadada keçirilmiş dünya çempionatının finalında ABŞ seçməsi Yaponiya yığmasını 5:2 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə isə İngiltərə yığması Almaniya millisini minimal hesabla məğlubiyyətə uğradıb.