SİYASƏT
Fransalı reportyor Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib
Bakı, 7 aprel, AZƏRTAC
Fransadan olan sərbəst reportyor Roman Myelkarek Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edib. O, jurnalist fəaliyyətini həyata keçirmək məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər üçün akkreditasiya olunmasını və icazə verilməsini xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Roman Myelkarek Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə, qanunlarına hörmət etdiyini bildirib. O, Azərbaycanın işğal olunmuş ərazilərinə gələcəkdə qanunsuz səfərlərdən çəkinəcəyinə dair zəmanət verib və xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş müvafiq anket formasini təqdim edib.
Roman Myelkarekin bu müraciətini, Azərbaycanın qanunlarına riayət və hörmət etməsini nəzərə alaraq onun adı arzuolunmaz şəxslər siyahısına salınmayıb.
Qeyd edək ki, 2017-ci il martın 3-7-də Roman Myelkarek Azərbaycanda olub, cəbhə bölgəsinə səfər edib, qaçqın və məcburi köçkünlərlə görüşüb, münaqişə ilə əlaqədar Azərbaycanın mövqeyi barədə məlumat alıb. Martın 19-20-də isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib.
Bu hal Azərbaycan tərəfinin ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan, jurnalist etikasına və obyektivliyinə zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin birtərəfli təbliğatı ilə məşğul olmayan beynəlxalq media nümayəndələri, bloqqer və ya sərbəst reportyorlarla konstruktiv əməkdaşlığının növbəti nümunəsidir.