İDMAN
FUTBOLÇULARIMIZIN OYUNU UĞURSUZLUQLA NƏTİCƏLƏNDİ
Bu komandalar 9-cu seçmə qrupunda yarışırlar və indiyədək hərəsi altı görüş keçirmişdir. Onların öz aralarında birinci görüş Finlandiyada oynanılmış və futbolçularımız 0:3 hesabı ilə məğlub olmuşdular. İndiki oyun ərəfəsində yığmamız 4 xalla turnir cədvəlində beşinci, qonaqlar isə dördüncü yerdə qərar tuturdu.
Bakıdakı oyunun elə ilk dəqiqələrindən futbolçularımız qonaqların qapısına hücuma keçdilər. Gözəl oyun nümayiş etdirən Fərrux İsmayılov birinci hissədə hesabı aça bilərdi. Oyunun birinci hissəsi bərabər mübarizə şəraitində keçdi.
Fasilədən sonra qonaqlar daha fəal oynayaraq hesabı açdılar. İkinci hissənin ortalarında rəqiblərin növbəti hücumlarından biri də qolla nəticələndi. Oyunun qurtarmasına yaxın Finlandiya komandasının müdafiəçisi öz cərimə meydançası yaxınlığında komandamızın hücumçusuna qarşı kobud oynadı və hakim cərimə zərbəsi təyin etdi. Fərrux İsmayılovun dəqiq zərbəsi qolla nəticələndi. 1:2. Son dəqiqələrdə futbolçularımız gözəl əks-hücuma keçsələr də, uğur qazana bilmədilər.
Bu oyunun nəticəsindən sonra qrupda axırıncı yerdə olan Azərbaycan komandası sonuncu oyunu İtaliya yığması ilə keçirəcəkdir.