İDMAN
Füzuli Musayev: Ulu Öndərin arzuları Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdı
Bakı, 14 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 və Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, FHN əməkdaşları əvvəlcə Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş guşədə yerləşən büstü ziyarət ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
FHN İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev görkəmli siyasi xadim Heydər Əliyevin idman sahəsinin inkişafı yolunda göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Bildirilib ki, daim Azərbaycanın ərazi bütövlüyü üçün mübarizə aparan Ulu Öndərin arzuları bu gün dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu və xalqının əzmi ilə reallaşıb. Ölkəmizin ərazi bütövlüyünü tam bərpa edərək regionda əsas söz sahibi olan dövlətə çevrilməsinin məhz İlham Əliyevin uzaqgörən siyasəti sayəsində həyata keçdiyi diqqətə çatdırılıb.
Milli Məclisin deputatı Vüqar İsgəndərov təkcə Azərbaycanda deyil, ölkə xaricində də Ulu Öndərə həsr edilən tədbirlərin keçirilməsinin qürurverici hal olduğunu vurğulayıb. O, Sovet İttifaqı dövründə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olan, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqımızın rifahı və firavanlığı naminə vacib işlər görən Liderin Azərbaycan gənclərinin təhsilinə verdiyi diqqət və qayğıdan da danışıb. Nəinki idman, bütün sahələrdə təkmilləşmə prosesinin başlanması xalqın dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşməsi ilə əlaqəli olduğu bildirilib. Millət vəkili Ulu Öndərin yetirməsi, varisi İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın regionda aparıcı güc mərkəzinə və lider dövlətə, ən əsası isə qalib ölkəyə çevrildiyini diqqətə çatdırıb. O, FHN İdman sağlamlıq klubu və akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirlərin yaddaşlardan silinməyəcəyini əlavə edib.
Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general mayor Baba Salayev 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbənin bütün dünyaya əyani olaraq milli ruhda tərbiyə almış, vətənpərvər gənc nəsil yetişdiyinin göstəricisi olduğunu söyləyib. O, cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi, Azərbaycan gəncliyinin də bu gün Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rola malik olduğunu qeyd edib.
Sonda Ümummilli Liderin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.