ELM VƏ TƏHSİL
Gədəbəydə gənclər üçün “Vikipediya” təlimləri keçirilir
Bakı, 18 dekabr, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Veni Vedi Viki" adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin direktoru Kəramət Əsədov bildirib ki, tədbirin məqsədi yeni redaktorları “Vikipediya”ya cəlb etməklə nümayəndəlikdə olan klubun fəaliyyətini aktivləşdirməkdir.
Tədbirdə Bakı Dövlət Universitetinin tələbəsi, “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Sübhan Xıdırzadədə gənclərlə öz təcrübəsini bölüşüb və onların suallarını cavablandırıb. Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında keçirilən təlimlərin fəal iştirakçılarından olan Miralim Sultanlı və Nuray Şəkərli gənclərlə “Vikipediya”da məqalələrin yaradılması və yerləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Sonra “Qorqud” Vikipediya Metodik Klubu tərəfindən diplomla təltif edilmiş gənclər öz təcrübələrini bölüşüb və onlayn ensiklopediya ilə bağlı gələcək hədəflərindən danışıblar.
Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb. Təlimlər zamanı və sonra fəal gənclər diplomla təltif olunurlar.