REGİONLAR
Gələn il Cəlilabadda taxıl istehsalının 200 min tona çatdırılması proqnozlaşdırılır
Cəlilabad, 6 dekabr, Bağır Əliyev, AZƏRTAC
Taxılçılıq Cəlilabad rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda taxılçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları bu il 58 min hektara yaxın əkin sahəsindən 160 min 400 ton taxıl istehsal ediblər. Hər hektarın orta məhsuldarlığı 25-30 sentner təşkil edib.
Builki payız fəslində ölkəmizin cənub bölgəsində uzun müddət yağmurlu hava şəraitinin olması əkin işlərinə təsir göstərsə də, hazırda payızlıq əkin kampaniyası davam edir. İndiyədək Cəlilabad rayonunda 56 min hektara yaxın taxıl səpini aparılıb. Məhsul istehsalçıları əkin zamanı daha çox yüksək reproduksiyalı “Bərəkət”, “Atella” və “Muğan” taxıl növlərinə üstünlük verirlər.
Rayonun taxılçıları əkin kampaniyası dövründə 62 min hektarda taxıl səpini aparmağı və 2019-cu ildə 200 min ton taxıl istehsal etməyi planlaşdırırlar.