MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrında mövsümün ən yaxşıları mükafatlandırılacaq
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı artıq üçüncü ildir ki, mövsüm ərzində potensialı ilə seçilən əməkdaşları qiymətləndirir.
Bu məqsədlə, sənət ocağı ASSİTEJ -Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mövsümi mükafatı teatrda fəaliyyət göstərən bədii heyətin əməyinin yüksək qiymətləndirilməsi və onların həvəsləndirilməsi, yaradıcılıqlarına diqqət və qayğının daha da artırılması məqsədilə təqdim olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu mövsüm də uğurlu obrazları, debüt tamaşaları, maraqlı layihələri ilə seçilən, müxtəlif xarici ölkələrdə festival və qastrollarda çıxış edən, o cümlədən ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin işində fəal iştirak edən teatrın yaradıcı heyəti “Ən yaxşı tamaşa”, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “Mövsümün ən uğurlu baletmeysteri”, “Mövsümün seçilən aktyoru” və digər nominasiyalar üzrə olmaqla 12 adda müəyyənləşdirilib.
Mövsümün sonunda qaliblər mükafatlandırılacaq.