SİYASƏT
Gəncə uşaq yaradıcılıq mərkəzində Milli Qurtuluş gününə həsr edilmiş yarış keçirilmişdir
Gəncə, 15 iyun (AZƏRTAC, Sabir Əliyev). Gəncədəki uşaq yaradıcılıq mərkəzinin balaca üzvləri arasında 15 İyun-Milli Qurtuluş Gününə həsr edilmiş “Səma-Göyərçin, bir də biz” devizi altında yarış keçirmişdir.
AZƏRTAC xəbər verir ki, yarış başlamazdan əvvəl çıxış edənlər vətənin ağır günlərində xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələrək yaranmış gərginliyi aradan qaldıran ulu öndər Heydər Əliyevin gördüyü işlərdən danışmışlar.
Sonra iki komanda arasında 9 mərhələli yarışlara start verilmişdir. Uşaqlar müxtəlif idman hərəkətləri, o cümlədən kəndirlə tullanma, top çiləmə, hədəfə tez çatma və sair tapşırıqları yerinə yetirmişlər.
Gərgin mübarizə şəraitində keçən yarışda birinci yerə çıxmış “Günəş” komandasının üzvlərinə müxtəlif hədiyyələr təqdim olunmuşdur.