REGİONLAR
Gənclərimiz cəmiyyətin aparıcı qüvvəsinə çevrilib
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Gələcəyimizi gənclərimizlə sıx əlaqələndirən Azərbaycan dövləti hazırda çoxşaxəli siyasət yürüdür, gənclərimizin cəmiyyətin həyatında fəal iştirakını təmin edir. Məhz həmin siyasət sayəsində bu gün gənclərimiz cəmiyyətin aparıcı, avanqard qüvvəsinə çevrilib.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Müəllimlər İnstitutu ərazi ilk partiya təşkilatının təşkilatçılığı ilə 10-17 noyabr - Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində “Azərbaycan gəncliyi xalqımızın gələcəyidir” mövzusunda keçirilən tədbirdə bu barədə danışılıb.
Tədbirdə institutun rektoru, dosent Azad Novruzov çıxış edərək bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda tələbə-gənclərin milli ruhda tərbiyəsi və əsl vətəndaş kimi formalaşması xüsusi diqqət mərkəzində olan məsələlərdəndir. Onların yüksək səviyyədə təhsil almaları üçün innovativ metodlar tətbiq edilir, tariximiz və milli mədəniyyətimiz təbliğ olunur. Görülən işlər gənclərin daha savadlı və hərtərəfli inkişafında mühüm rol oynayır.
Yeni Azərbaycan Partiyasının Naxçıvan Şəhər Təşkilatının sədri, dosent Elman Cəfərli diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında Ümummilli Liderin dövlətçilik siyasəti uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasında gəncləşmə prinsipi hər zaman ön sıralardan birini tutur. Partiyamızda gənclər siyasətinin uğurla davam etdirilməsi bunun ifadəsidir. Prezident İlham Əliyevin müdrikcəsinə həyata keçirdiyi ümummilli lider Heydər Əliyev siyasəti bu sahədə də öz bəhrələrini verməkdədir.
Sonra institutun Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə, pedaqoji fakültənin tələbələri Bəhriyyə Əhmədova və Abutalıb Ağa Kəngərli müxtəlif mövzularda məruzələr ediblər.
Sonda tələbələrin hazırladıqları bədii hissəyə baxış olub.