İDMAN
GİMNASTLARIMIZ DÜNYA KUBOKU YARIŞLARINA HAZIRLAŞIRLAR
Dörd Azərbaycan gimnastı - ikiqat ölkə çempionu Dinara Gimatova, habelə Vəfa Hüseynova, Dina Qorina və Valeriya Yeqay Ulyanovsk vilayətinin qubernatoru Viladimir Şamanovun mükafatı uğrunda Ulyanovsk şəhərində keçirilən beynəlxalq turnirdə iştirak etmişlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, milli komandamızın lideri çoxnövçülükdə 94,148 bal toplayaraq, dördüncü yeri tutmuşdur. Azərbaycan komandasının digər üzvləri finalda ayrı-ayrı növlərdə fərqlənmişlər.
Valeriya Yeqay topla hərəkətlərdə (22,833 bal), Dina Qorina da lentlə hərəkətlərdə (21,799 bal) 6-cı olmuşlar.
Azərbaycan çempionatının bürünc mükafatçısı Vəfa Hüseynova topla hərəkətlərdə 8-ci yerə çıxmışdır – 20,366 bal.
Aprelin 7-dən aprelin 23-dək, yəni bədii gimnastika üzrə Dünya kuboku uğrunda yarışlar başlananadək Azərbaycan komandası Bakıda təlim-məşq toplanışı keçirəcəkdir.