DÜNYA
“Google” “Terminatorun eynəyi”ni təqdim etmişdir
Bakı, 9 aprel (AZƏRTAC). “Google” şirkəti telefon, planşet və GPS-naviqatoru əvəz edən əlavə reallıq eynəyi olan “Project Glass” - “Terminatorun eynəyi”ni təqdim etmişdir.
“Project Glass” layihəsi barədə “Goggle+” sosial şəbəkəsindən məlumat almaq olar.
Möcüzəli eynək İnternetə çıxa, hava haqqında məlumat verə, piyada yollarını müəyyənləşdirə, səsli komandaları yerinə yetirə bilir. Bundan əlavə, yeni qurğu musiqi səsləndirməyi bacarır, fotoşəkil çəkir.
Qurğu mikrofon quraşdırılmış eynək sağanağını xatırladır. İstifadəçinin sağ gözü üzərində isə yarımşəffaf ekran yerləşir və informasiya bu ekranda əks olunur.
Qurğu fevral ayında işlənib hazırlanmışdır və onun ətrafında xeyli söz-söhbətlər gedir. “New York Times” qəzetinin yazdığına görə, ilk eynəklər ABŞ-da ilin sonunda satışa çıxarılacaq və onların qiyməti 250-600 dollar olacaqdır. Lakin ekspertlərin fikrincə, texnologiya hələlik tam hazır deyildir.
Layihə haqqında məlumatlara baxmayaraq, “Google” şirkətinin, həqiqətən, eynəkləri satmaq niyyətində olduğu, yaxud sadəcə innovasiya tədqiqatlarını təqdim etdiyi məlum deyildir.