ELM VƏ TƏHSİL
GÖRKƏMLİ ALİMİN 85 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında əməkdar elm xadimi, onkologiya və rentgenologiya sahəsində görkəmli alim, səhiyyə təşkilatçısı, akademik Rəhim Rəhimovun anadan olmasının 85, elmi-tədqiqat və ictimai fəaliyyətinin 55 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, AMEA Biologiya Elmləri Bölməsi və Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA–nın prezidenti, akademik Mahmud Kərimov alimin geniş elmi fəaliyyətindən danışmış, ona yeni nailiyyətlər arzulamışdır.
MOM-un baş həkimi, tibb elmləri namizədi İdrak Kazımov akademik R.Rəhimovun rəhbərliyi ilə 50 il ərzində həzm sistemi orqanlarının və ağ ciyərin patologiyalarının rentgenoloji, kliniki və morfoloji xüsusiyyətlərinin öyrənilməsinə dair əsaslı tədqiqatların aparıldığını və bu işlərin nəticəsi kimi 1958-ci ildə onun dissertasiya müdafiə edərək tibb elmləri namizədi, daha sonra isə mədə-bağırsaq sisteminin bədxassəli şişlərinin rentgenoloji diferensial diaqnostika üsullarının işlənib hazırlanması və təkmilləşdirilməsi mövzusunda doktorluq işini uğurla tamamlayaraq tibb elmləri doktoru alimlik dərəcələri aldığını bildirmişdir. Qeyd olunmuşdur ki, R.Rəhimov şüa diaqnostikasında perspektivli sahə sayılan bədxassəli şişlər, xora xəstəlikləri və bir sıra digər patoloji hallarda həzm sistemi orqanlarının selikli qişasının “arxitekturasının” öyrənilməsinin əsasını qoymuş və bu sahəyə həsr olunmuş 147 elmi məqalənin, iki ixtiranın müəllifidir.
Akademiklər Əhliman Əmiraslanov, Musa Musayev, Asəf Nadirov, Akif Əlizadə, Budaq Budaqov və başqaları alimi yubileyi münasibətilə təbrik etmiş, ona xoş arzularını bildirmişlər.