MƏDƏNİYYƏT
Görkəmli bəstəkar Fikrət Əmirov yad olunub
Bakı, 17 fevral, Flora Şükürova, AZƏRTAC
Fevralın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq Artisti, Dövlət mükafatı laureatı, görkəmli bəstəkar Fikrət Əmirovun 95 illiyinə həsr olunmuş “Fikrət Əmirovun musiqi dünyası” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyi və F. Əmirov adına 6 nömrəli onbirillik uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə qonaqlar uşaq incəsənət məktəbinin şagirdlərinin “1001 gecə” nağılları əsasında işlədikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Daha sonra tədbir məktəbin “Odlar yurdu” rəqs kollektivinin təqdimatında F.Əmirovun “1001 gecə” baletindən “Şəhrizadın bayramı” rəqs nömrəsi ilə açıq elan olunub.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. F.Əmirovun yaradıcılığının musiqi mədəniyyətimiz tarixində örnək olduğunu söyləyən natiq belə sənətkarlarımızın hər zaman xatırlanmasının vacib olduğunu deyib.
F.Əmirov adına 6 nömrəli onbirillik uşaq incəsənət məktəbinin direktoru, professor, Əməkdar Müəllim Adilə Yusifova bildirib ki, bu il, eyni zamanda rəhbəri olduğu təhsil ocağının yaranmasının 55 ili tamam olur. Bu səbəbdən də həm F.Əmirovun 95 illiyinə, həm də məktəbin 55 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçiriləcəyi nəzərdə tutulub. O, tədbirin təşkil olunmasının sözügedən layihənin bir hissəsi olduğunu diqqətə çatdırıb.
Tədbir məktəbin şagirdlərinin ifasında F.Əmirovun musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam edib.