SİYASƏT
GUAM-ın baş katibi beynəlxalq ekspertlərin “dəyirmi masa”sının işində iştirak etmişdir
Kiyev, 4 iyul (AZƏRTAC). Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın (GUAM) Kiyevdəki mənzil-qərargahından AZƏRTAC-a verilən məlumata görə, iyulun 3-də GUAM-ın baş katibi Valeri Çeçelaşvili beynəlxalq ekspertlərin “Ukrayna-Türkiyə münasibətləri müasir mərhələdə: imkanlar və maneələr” mövzusunda “dəyirmi masa”nın işində iştirak etmişdir. Tədbir Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının, Türkiyənin Ukraynadakı səfirliyinin və GUAM-ın Katibliyinin dəstəyi ilə təşkil edilmişdir.
Təşkilatın baş katibi Ukrayna ilə Türkiyə arasında dialoqun vacibliyini vurğulayaraq bildirmişdir ki, bu dialoq ikitərəfli münasibətlər çərçivəsi ilə məhdudlaşmır və xüsusən Ukraynada baş verən son hadisələr baxımından, regionda əməkdaşlıq ab-havasının formalaşmasına ciddi təsir göstərir.
V. Çeçelaşvili iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyinə, regionun bütün dövlətləri tərəfindən beynəlxalq hüququn ruhuna, norma və prinsiplərinə riayət ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Alimlər, politoloqlar və diplomatlar arasında dialoqun vacibliyini vurğulayan V.Çeçelaşvili “dəyirmi masa” iştirakçılarına uğurlar arzulamışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev