RƏSMİ XRONİKA
GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN NİTQİ
- Əziz qardaşlarım, Türkiyə və Azərbaycan respublikalarının prezidentləri!
Hörmətli qonaqlar, əziz həmvətənlər!
Bütün Gürcüstana müraciət edib demək istəyirəm ki, bu gün əlamətdar gündür. Gürcüstan düşdüyü dalandan çıxıb Avropaya istiqamət götürür. Biz bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin təməlini qoyuruq. Bununla bizim Avropaya çıxışımız üçün şərait yaranır. Rusiya-Gürcüstan dəmir yolu xəttinin Abxaziya hissəsi bağlandıqdan sonra bizim Rusiya ilə, eyni zamanda, digər ölkələrlə dəmir yolu əlaqəmiz kəsildi. Mən prezident seçildikdən sonra Abdullah Gül və İlham Əliyev ilə bu layihənin gerçəkləşməsi üzərində işə başladıq. Bu layihənin Gürcüstan üçün, ümumən Cənubi Qafqaz üçün böyük səmərəsi olacaq, yüzlərlə yeni iş yerləri açılacaqdır. Çindən və digər ölkələrdən gələn yüklər bu dəmir yolu vasitəsilə Avropaya ötürüləcəkdir. Bu, böyük geosiyasi inqilabdır. Dostluq və qardaşlıq münasibətlərimiz bu qlobal layihənin həyata keçirilməsinə şərait yaratmışdır. Biz tezliklə bu dəmir yolu vasitəsilə axşam qatara əyləşib, səhər Türkiyədə olacağıq, oradan da Avropaya gedəcəyik. Bu tikintinin tezliklə başa çatıb istifadəyə verilməsi əsas məqsədlərimizdəndir. Əminəm ki, prezidentliyimin ikinci müddətində bu dəmir yolu istifadəyə veriləcək və mən onun ilk sərnişinlərindən olacağam.
Bu əlamətdar gün münasibətilə hamınızı təbrik edirəm.