DÜNYA
GÜRCÜSTAN PREZİDENTİ ŞAYİƏLƏRİ TƏKZİB EDİR
Gürcüstan Prezidenti Eduard Şevardnadze bazar ertəsi mətbuat nümayəndələri ilə ənənəvi görüşündə ölkədəki ictimai-siyasi vəziyyət barədə qısa məlumat vermiş və ABŞ-ın sabiq dövlət katibi Ceyms Beykerin Tbilisiyə bu yaxınlardakı səfəri zamanı onun guya dövlət başçısı vəzifəsindən istefaya getməsini xahiş etməsi barədə son vaxtlar bəzi qüvvələrin və kütləvi informasiya vasitələrinin yaydıqları şayiəyə də münasibətini bildirmişdir. O, belə uydurmanı “fantaziya” adlandırmışdır. E.Şevardnadze belə bir xəbəri də təkzib etmişdir ki, guya C.Beyker ondan “radikal, Amerikapərəst ovqatlı müxalifətin hakimiyyətə gəlməsinə mane olmamağı” xahiş etmişdir. AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, bu şayiələri ABŞ Prezidenti Corc Buşun xahişi ilə Gürcüstana gələn C.Beykerin özü də yalan adlandırmışdır. O, jurnalistlərə demişdir ki, Vaşinqton “Şevardnadzenin dövlət başçısı vəzifəsindən getməsi barədə məsələ qoymamışdır və qoymur. ABŞ Şevardnadzeni dəstəkləmişdir və dəstəkləyir”. Xatırladaq ki, E.Şevardnadzenin prezident vəzifəsində səlahiyyət müddəti 2005-ci ildə bitəcəkdir.